Bakı. Trend:
Hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan yaşayır. Laçında hazırda 5 mindən çox sakinimiz məskunlaşıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan dövləti bu günədək bu ərazilərin bərpa olunması üçün 22 milyard manata yaxın vəsait xərcləyib:
“22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük işlər görür”.
Deputat vurğulayıb ki, hazırda Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında 50-dən çox yerli rezident, 7-dən çox isə qeyri-rezident fəaliyyət göstərir.
“Keçən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manata yaxın məhsul istehsal edib ixrac etmişik. Hazırda yalnız bu iki sənaye parkında minədək insan çalışır”, - deyə o qeyd edib.
