Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Asiya İnkişaf Bankının (AİB) əməkdaşlığı çərçivəsində Bakıda karbonsuzlaşdırma üzrə layihənin təqdimatı keçirilib.
Trend xəbər verir ki, layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləməyə, həmçinin müasir və rəqabətqabiliyyətli, aşağı karbon emissiyalı dəmir yolu sisteminin inkişafına hədəflənib.
Təşəbbüs infrastrukturun modernləşdirilməsini, enerji səmərəli həllərin tətbiqini və dəmir yolu sektorunda daha ekoloji texnologiyalara keçidi ehtiva edir.
Tədbirdə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal, ADY-nın sədri Rövşən Rüstəmov, eləcə də AİB-in Energetika İdarəsinin inkişaf etməkdə olan regionlar üzrə direktoru Sindi Sisneros-Tianko iştirak ediblər.
Qeyd edək ki, 2025-ci ilin aprelində AİB ADY-nin karbonsuzlaşdırma layihəsinin icrası üçün kredit vəsaitinin ayrılmasını təsdiqləyib. Layihə çərçivəsində Texniki Yardım üzrə Xüsusi Fonddan 250 000 ABŞ dolları, habelə İnnovasiyalar Fondu vasitəsilə isə 1 milyon ABŞ dolları ayrılacaq.
Tədbir çıxış edən AİB-in heyət rəhbəri və enerji məsələləri üzrə mütəxəssisi Kanqbin Çjen bildirib ki, Azərbaycan karbonsuzlaşdırma üzrə regionun liderinə çevrilməkdədir.
“Azərbaycanda karbonsuzlaşdırma üçün əlverişli biznes mühiti artıq bu gün yaradılıb. Burada hüquqi baza, siyasi zəmanətlər, fiskal stimullar, alqı-satqı mexanizmləri, bazara çıxış, həmçinin maliyyə və müqavilə qorunması nəzərdə tutulur. Regiondakı digər ölkələrlə müqayisədə, deyə bilərik ki, Azərbaycan hazırda liderliyə doğru addımlayır," – deyə o vurğulayıb.
Kanqbin Çjen qeyd edib ki, ADY karbonsuzlaşdırma sahəsinə güclü sadiqlik nümayiş etdirir və səmərəli tədbirlər həyata keçirir. ADY artıq müxtəlif metodları sınaqdan keçirib: günəş enerjisindən istifadə, elektrikləşdirmənin yenilənməsi və genişləndirilməsi ilə enerji səmərəliliyinin artırılması. 2024-cü il üçün davamlı inkişaf hesabatının dərc olunması ADY-nin fəaliyyəti və ilkin nəticələrini göstərmək üçün möhkəm əsas yaradıb.
AİB-nin Enerji İdarəsində İnkişaf edən Regionlar üzrə direktor Sindi Sisneros-Tiangkko bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına qlobal səviyyədə rəqabət apara biləcək dekarbonizasiya proqramının hazırlanmasında kömək edəcək.
"Dünya üzrə dəmiryol sənayesi yeni dövrə qədəm qoyur. Bu dövr elektrikləşmə, rəqəmsallaşma və enerjinin istehsalı və istifadəsində fundamental dəyişikliklərlə müəyyən olunur. Yaponiya və Çindən Avstraliya və Avropaya qədər dünya liderləri ağıllı, aşağı karbon emissiyalı dəmiryol ekosistemləri yaradır. Azərbaycan isə yalnız bu hərəkatda iştirak etmək imkanı deyil, həm də onun gələcəyinin formalaşdırılmasında rol oynamaq şansına malikdir" - deyə o bildirib.
AİB-nin Azərbaycandakı nümayəndəliyinin direktoru Sunnia Durrani-Camal qeyd edib ki, bankın dəstəyi ilə hazırda Sumqayıt–Yalama dəmiryol xətti üçün elektrikləşdirmə və siqnalizasiya sistemi hazırlanır.
"Dəmiryolları çevik rol oynayır, çünki Azərbaycan regional və qlobal logistika, həmçinin Orta dəhliz və Avrasiya marşrutları üzrə yük daşımaları vasitəsilə ixracın diversifikasiyasını gücləndirir" - deyə o vurğulayıb.
ADY sədri Rövşən Rüstəmov bildirib ki, Son bir il ərzində “Azərbaycan Dəmir Yolları” (ADY) emissiyaların həcmini təxminən 50 faiz azaldıb. O həmçinin əlavə edib ki, yeni layihə daha geniş investisiya proqramına yol açacaq.
“Bu layihə bizə bütün dəmir yolu infrastrukturu üzrə bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş tam strukturlu investisiya proqramı hazırlamağa kömək edəcək. Tədqiqat təkcə texniki aspektləri deyil, həm də maliyyə, iqtisadi, ekoloji və sosial parametrləri əhatə edəcək ki, layihənin həm əhəmiyyətli təsiri, həm də dayanıqlığı təmin olunsun”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu təşəbbüs elə bir vaxtda həyata keçirilir ki, Azərbaycan Şərqlə Qərb, həmçinin Şimalla Cənub arasında mühüm və getdikcə daha vacib olan infrastruktur və nəqliyyat qovşağına çevrilir.
