Bakı. Trend:
Bu ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib.
2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən
konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın,
armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun,
şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın,
alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın,
naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ
kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun,
yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin noyabr ayında qeyri-qida məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr
aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz
təşkil edib.
Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub.Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibb, mərkəzləşdirilmiş istilik təchizatı və bərbərxana xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
