Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən sonra Türkiyənin bərpasını sürətləndirmək məqsədilə ümumilikdə 909,7 milyon ABŞ dolları məbləğində iki kreditin ayrılmasını təsdiqləyib.
Trend banka istinadən xəbər verir ki, kreditlər dayanıqlı infrastrukturun inkişafına, istehsala investisiyalara və kiçik və orta biznesin (KOB) dəstəklənməsinə yönəlib.
Bildirilir ki, kreditlərdən biri 585,7 milyon ABŞ dolları məbləğindədir və “Zəlzələlərdən sonrakı bərpa, dayanıqlığın artırılması və məşğulluğun yaradılması məqsədilə ixracyönümlü müəssisələrin uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi” layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
“Vəsaitlər Türkiyənin İxrac-Kredit Bankına (Eximbank) kredit xətti şəklində təqdim ediləcək və sonradan ən azı 100 ixracyönümlü kiçik və orta müəssisə arasında bölüşdürüləcək. Krediti əldə edəcəklə subyektlərin azı 60 faizinin zəlzələlərdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərəcəyi gözlənilir.
AİB-in məlumatına görə, maliyyələşmə eyni zamanda qadınlara məxsus və ya qadınlar tərəfindən idarə olunan müəssisələrə, eləcə də qadınların əhəmiyyətli dərəcədə təmsil olunduğu şirkətlərə yönəldiləcək. Bu çərçivədə “yaşıl” həllərin tətbiqi təşviq ediləcək, ekoloji və təbii fəlakət risklərinin qiymətləndirilməsinin biznes proseslərinə inteqrasiyası dəstəklənəcək. Layihə, həmçinin, “Eximbank”a təbii fəlakət risklərinin idarə edilməsi və gender amilini nəzərə alan maliyyələşmə üzrə praktikanın gücləndirilməsində dəstək göstərəcək”, – məlumatda qeyd olunur.
