Bakı. Trend:
“Trading Economics” analitiklərinin qlobal makroiqtisadi modelləri və proqnozlarına əsasən, cari rübün sonunadək Gürcüstanda istehsalçı qiymətlərində dəyişiklik səviyyəsinin 3 faiz olacağı gözlənilir.
Bu barədə Trend “Trading Economics” beynəlxalq onlayn platformasına istinadən məlumat verir.
“Uzunmüddətli perspektivdə, ekonometrik modellərə görə, Gürcüstanda istehsalçı qiymətlərində dəyişiklik 2026-cı ildə təxminən 3,50 faiz, 2027-ci ildə isə 3,30 faiz səviyyəsində proqnozlaşdırılır”,- deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin noyabr ayında Gürcüstanda istehsalçı qiymətləri illik ifadədə 6,1 faiz artıb. Bu göstərici əvvəlki ayda qeydə alınmış 5,6 faizlik artımdan sonra formalaşıb.
“Bu, fevral ayından bəri qeydə alınan ən yüksək göstəricidir və buna demək olar ki, bütün sahələrdə, xüsusilə mədənçıxarma sənayesində (oktyabrda 21,7 faizə nisbətdə 24,2 faiz), sənaye məhsullarının istehsalında (3,9 faizə nisbətdə 4,8 faiz), həmçinin su təchizatı, kanalizasiya, tullantıların idarə edilməsi və rekultivasiya sahəsində (0,2 faizə nisbətdə 1,7 faiz) qiymət artımları səbəb olub. Eyni zamanda, elektrik enerjisi, qaz, buxar və kondisionerləşmə sahəsində qiymət artım tempinin yavaşladığı qeyd olunur (10 faizə nisbətdə 6,2 faiz). Əvvəlki ayla müqayisədə isə noyabr ayında istehsalçı qiymətləri 0,9 faiz artıb ki, bu da oktyabr ayında qeydə alınmış 1,1 faizlik artımla müqayisədə daha aşağı göstəricidir”, - deyə məlumatda qeyd olunub.
