Bakı. Trend:
Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
O vurğulayıb ki, ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır:
"Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır bu da, öz növbəsində, həm ölkələrimizin, həm də regionun yük daşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artmışdır.
Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan ilə birləşdirilməsi barədə avqust ayında Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq".
"Bakı-Tbilisi-Qars dəmir yolunun 2024-cü ildə illik yükburaxma
qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda cari ildə
Qars–Naxçıvan dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm
hadisələrdir.
Bütün bunlar həm Azərbaycan və Türkiyə, həm də regionun digər
ölkələri üçün strateji əhəmiyyət daşıyır", - Əli Əsədov
vurğulayıb.
