...

Auditin əlavə dəyəri dövlət maliyyə idarəçiliyində səmərəliliyi artırır - Hesablama Palatasının auditoru (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 25 Dekabr 2025 17:37 (UTC +04:00)
Auditin əlavə dəyəri dövlət maliyyə idarəçiliyində səmərəliliyi artırır - Hesablama Palatasının auditoru (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Auditin əlavə dəyəri dövlət maliyyə idarəçiliyində səmərəliliyi artırır.

Bunu Trend-ə müsahibəsində Hesablama Palatasının auditoru Cavid Bayramov deyib.

O, əvvəlcə media məkanında mütəmadi olaraq səsləndirilən “maliyyə nəzarəti”, “audit”, “dövlət auditi”, “kənar dövlət maliyyə nəzarəti”, “maliyyə nazirliyinin və ya vergi orqanının yoxlamaları” və sair bu kimi anlayışlara qısaca aydınlıq gətirib, bunların oxşar və ya fərqləndirici xüsusiyyətlərindən danışıb: “Bu anlayışların fərqləri barədə danışmaqdan öncə bir əsas məsələni vurğulamaq istərdim. Belə ki, biz “maliyyə nəzarəti”nə ayrıca özü-özünü tamamlayan bir proses kimi baxmamalıyıq, “maliyyə nəzarəti” maliyyənin idarəedilməsi prosesinin əsas alt sistemlərindən biridir. Bu yanaşma dövlət maliyyəsinin idarəedilməsində təbii ki, xüsusi aktuallıq kəsb edir.

Maliyyə nəzarəti alt sistemini isə öz növbəsində konseptual olaraq daxili nəzarətə və kənar nəzarətə bölmək olar.

Məsələyə dövlət sektoru kontekstində yanaşaq. Bu halda dövlət daxili maliyyə nəzarəti icra hakimiyyəti sütununda yer alan və mandatında maliyyə nəzarəti aparmaq səlahiyyəti olan dövlət orqanlarından (Məsələn, Maliyyə Nazirliyindən, Dövlət Vergi Xidmətindən və s.) ibarətdir.

Kənar dövlət maliyyə nəzarəti isə icra hakimiyyəti sütunundan asılılığı olmayan, müstəqil fəaliyyət göstərən, parlamentə hesabat verən və bütün maraqlı tərəfləri (yəni mərkəzi icra hakimiyyəti orqanlarını və ictimaiyyəti) məlumatlandıran dövlət orqanına (bizim halda Hesablama Palatasına) aiddir. Ona görə də təkmil təcrübələrdə Hesablama Palatasına analoji mandatlarda fəaliyyət göstərən dövlət qurumlarına ali audit qurumları deyilir.

“Audit” anlayışına gəldikdə qeyd etmək istərdim ki, “audit” maliyyənin idarə edilməsi prosesinin uğurlu olmasına töhfə verən ən vacib vasitə olmaqla özündə çoxsaylı nəzarət prosedurlarını birləşdirir. Bir neçə əsas növü olan “audit” yekunda auditin predmetinə aid maliyyənin idarə edilməsində hesabatlılığın, qanunauyğunluğun, eləcə də səmərəliliyin təmin edilməsi üçün təkliflərin verilməsi və həmin təkliflərə əməl olunmasının izlənilməsi kimi prosedurları da özündə birləşdirir”.

C. Bayramov həmçinin qeyd edib ki Hesablama Palatası auditlərini dövlət sektorunda aparır. O, belə olduğu halda iqtisadiyyatın real sektoru üzərində Hesablama Palatasının təsirlərindən bəhs edib: “İqtisadiyyatın real sektoru dedikdə təbii ki, malların istehsalı, işlərin görülməsi və xidmətlərin (maliyyə xidmətləri istisna olmaqla) göstərilməsi sahəsində subyektlərin fəaliyyətinin məcmusu başa düşülür.

O da məlumdur ki, real sektorun tənzimlənməsi dövlət tərəfindən əsasən iki istiqamətdə həyata keçirilir – 1) vergilərin və digər icbari ödənişlərin müəyyənləşdirilməsi, 2) subyektlərin fəaliyyət davranışlarını və iqtisadi aktivliyini və ya passivliyini səciyyələndirən hüquqi bazanın formalaşdırılması.

Real sektorun inkişafı, iqtisadi aktivliyin və sahibkarlıq mühitinin cəlbediciliyinin artırılması sözsüz ki, dövlətin iqtisadi siyasətini icra edən aidiyyəti qurumların fəaliyyətinin nəticələri ilə uğurla reallaşdırılmaqdadır.

Eyni zamanda, Hesablama Palatasının nəzarət fəaliyyətinin əhatəsini dövlət orqanları (nazirliklər, komitələr, agentliklər və s.), publik hüquqi şəxslər və dövlət büdcəsindən bu və ya digər əvəzsiz əsaslarla maliyyə vəsaitləri alan dövlət mülkiyyət mənsubiyyətli hüquqi şəxslər təşkil edir.

Auditlərin obyektləri qismində mərkəzi icra hakimiyyəti orqanları çıxış etdikdə auditlərin nəticələrindən və həmin orqanların funksional fəaliyyət sahələrindən asılı olaraq Hesablama Palatası real sektorla bağlı təkliflərini və tövsiyələrini irəli sürür”.

C. Bayramov fikirlərini konkret misallar üzərində izah edib: “Məsələn, idxal-ixrac əməliyyatları üzərində vergi və gömrük orqanlarının birgə nəzarətinin təşkili vəziyyətinin auditi ilə əldə edilmiş nəticələr bilavasitə real sektor subyektlərinin fəaliyyətinə təsir edən təklifləri irəli sürməyə imkan vermişdir.

İlk öncə qeyd edim ki, ayrı-ayrılıqda həm dövlət vergi xidməti, həm də gömrük komitəsi elektron informasiya sistemləri üzərindən təkmil idarəetmə mühitinə malik nümunəvi dövlət qurumlarındandırlar.

Bununla belə, birgə nəzarət predmeti üzrə aparılmış auditin nəticələrinin aradan qaldırılması çərçivəsində auditlə əhatə olunan dövrdə hesablanmamış vergilərin və gömrük ödənişlərinin real sektor subyektlərindən yığılmasının təmin edilməsi ilə yanaşı birgə nəzarətin daha da optimallaşdırılması baxımından bir sıra inzibati prosedurların və reqlamentlərin auditdən sonrakı dövrlərdə sadələşdirilməsinə də nail olunmuşdur.

Xüsusi vurğulamaq istərdim ki, mərkəzi icra hakimiyyəti orqanlarının institusional fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə Hesablama Palatası tərəfindən həyata keçirilən səmərəlilik (performans) auditləri ilə əldə olunur.

Buna misal olaraq, bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditini, eyni zamanda damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditini göstərmək olar.

Ümumiyyətlə qeyd edim ki, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsinin inzibatçılığında, xüsusilə son illər ərzində, sistem xarakterli təkmilləşmə işləri aparılmış, elektron informasiya sistemləri yaradılmış, data bazalar formalaşdırılmış, pərakəndəlik aradan qaldırılmaqla dövlət dəstəyinə aid qərarların mərkəzləşdirilmiş qaydada subsidiya şurası tərəfindən kollegial qəbul edilməsinə nail olunmuş, sistemlərin resurs təminatı məsələlərinin həllinə diqqət artırılmışdır.

Auditlər çərçivəsində toplanmış sübutlar, həmçinin kənd təsərrüfatı sahəsində geniş əhatəli dövlət dəstəyi mexanizmlərinin həyata keçirilməsində idarəetmənin daha da təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına yönəldilmiş təkliflərin və tövsiyələrin təqdim edilməsinə imkan vermişdir.

Belə ki, müvafiq əsaslandırmalara söykənərək təklif edilən elektron kənd təsərrüfatı informasiya sisteminin tamamlanması, xüsusilə dövlət xətti ilə fermerlərə göstərilən bütün xidmət növlərinin vahid sistem üzərindən ünvanlı həyata keçirilməsi, hesabatlılıq və ödəniş modullarının formalaşdırılması, eləcə də vergi, gömrük və digər mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya bazaları ilə inteqrasiya istiqamətlərində zəruri işlər hələ də tam yerinə yetirilməmişdir.

Digər məsələ heyvandarlıq sahəsində iribuynuzlu və xırdabuynuzlu heyvanların lazımi səviyyədə identikləşdirilməsinə (o cümlədən, damazlıq heyvanların pasportlaşdırılmasına) nail olunmamasından ibarətdir ki, bu da real sektora aid kənd təsərrüfatının heyvandarlıq seqmentinin optimal inkişafı üçün əslində birinci şərtdir.

Mövcud hüquqi tənzimləmə identikləşdirilmə xərclərinin təsərrüfat mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməli olduğunu müəyyən edir ki, bu yanaşma da uzun müddətdir ki, özünü doğrultmur. Halbuki, damazlıq heyvandarlığın təkmil təcrübələri identikləşdirilmənin ilkin mərhələlərdə dövlət tərəfindən maliyyələşdirildiyini göstərir ki, fikrimcə biz də məhz bu təcrübələrə üstünlük verməliyik.

Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditini də nümunə kimi qeyd etmək istərdim. Audit əsasən Bakı şəhəri üzrə resurs təminatı məsələlərinin həll olunmasını, infrastrukturun formalaşdırılmasını və zərərsizləşdirilmə proseslərinin normal idarə olunmasını göstərmişdir. Eyni zamanda, bu auditin də nəticələrinə əsaslanaraq real sektorla bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

Belə ki, təhlükəsiz tullantıları daşıyanların icbari akkreditasiyası, bioloji, sənaye və tikintiyə (dağıntıya) aid təhlükəsiz tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə şərtlərin müəyyənləşdirilməsi, əhali və qeyri-əhali istehlakçı qrupları üzrə vahid abonent (fərdi uçot) bazasının formalaşdırılması, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə əhali və qeyri-əhali istehlakçı qruplarından böyük məbləğlərlə ifadə olunan potensial xidmət haqlarının rəsmi dövriyyəyə nağdsız qaydada və tam toplanılması həyata keçirilməli olan işlərin vacib istiqamətlərindəndir.

Eyni zamanda, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə müasir infrastrukturun formalaşdırılması üçün dövlət-özəl əməkdaşlığı şərtlərinin (modellərinin) hazırlanmasına və müsabiqələrin təşkil edilməsinə də böyük ehtiyac var.

Təkmil təcrübələr dövlət büdcəsinin yükünün azaldılmasına və təhlükəsiz tullantıların zərərsizləşdirilməsində müasir çeşidlənmə üsullarına üstünlük verilməklə dairəvi iqtisadiyyata keçidin sürətləndirməsinə məhz dövlət-özəl tərəfdaşlığı çərçivəsində nail olmağın daha düzgün yol olduğunu göstərir”.

Auditor beynəlxalq təcrübədə rast gəlinən “audit impact” ifadəsinin mahiyyətindən də danışıb: “Beynəlxalq standartlarda rast gəlinən “audit impact” termini auditin təsiri və ya auditin dəyəri anlamına gəlir. Yəni, audit obyekti aşkarlanmış nöqsanları aradan qaldırmaqla auditin əlavə dəyərinin formalaşdırılmasına töhfə vermiş olur. Eyni zamanda, xüsusilə də performans və uyğunluq auditlərində Hesablama Palatası nöqsanların əhatəsinə daha geniş baxır.

Misal üçün, dövlət mülkiyyət mənsubiyyətli hüquqi şəxslərdə apardığımız auditlərlə əmlak, büdcə, vergi, gömrük və ya dövlət satınalmaları sahələrinə aid nöqsan və çatışmazlıqlar aşkar edildikdə bir qayda olaraq həmin nöqsanlar barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına – yəni, maliyyə nazirliyinə, gömrük komitəsinə, əmlak məsələləri, vergi, antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətlərinə də müvafiq məktublar ünvanlanır və mandatları daxilində zəruri tədbirlər həyata keçirilməklə Hesablama Palatasına məlumat verilməsi xahiş olunur. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, əslində bir çox xarici ölkələrin ali audit qurumlarına örnək olan bu yolla Hesablama Palatası auditin əlavə dəyərinin maksimum səviyyədə artırılmasına doğru addımlamış olur.

Performans auditlərinin nəticələrinə əsaslanmaqla irəli sürülən təkliflər maliyyə tutumlu istiqamətlərdən əlavə, bir az əvvəl qeyd etdiyim kimi, idarəetmənin, inzibatçılığın təkmilləşdirilməsi və sisteməsaslı səmərəliliyin artırılması istiqamətlərini də mütləq qaydada hədəfləyir ki, bəzən həmin məsələlərin həlli üçün müəyyən zaman tələb olunur. Ölkə başçımızın dünyaya nümunə olan güclü siyasi iradəsinin çətiri altında müəyyən edilən sosial-iqtisadi inkişaf hədəfləri Hesablama Palatasının auditləri ilə əlavə dəyərin yaradılmasında böyük şərəflə rəhbər tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti