Bakı. Trend:
2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin sair daxilolmaları cari ilin proqnoz göstəricilərindən çox, gözlənilən icra göstəricilərindən az olmaqla proqnozlaşdırılıb ki, bu da proqnozlaşdırma zamanı müvafiq dəqiqləşdirmələr aparılmasının zəruriliyi barədə qənaətə gəlməyə imkan verir.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, “Sair daxilolmalar” üzrə növbəti büdcə ili üçün 1,7 milyon manat vəsait daxilolacağı proqnozlaşdırılıb
Qeyd edilib ki, müvafiq istiqamət üzrə daxilolmalar əsasən “dövlət əmlakının (bina və tikililər, nəqliyyat vasitəsələri, torpaq) satışından daxilolmalar” (650,0 min manat) və digər istiqamətlər üzrə daxilolan sair daxilolmalar üzrə isə (təqribən 1,1 mln.manat) hesabına formalaşacağı proqnozlaşdırılıb.
“Aparılan təhlillərə əsasən qeyd edək ki, sair daxilolmaların tərkib elementləri üzrə təhlil aparılarkən əvvəlki illərin icra göstəricilərinin, habelə cari ilin 9 aylıq icra göstəriciləri həmçinin gözlənilən icra göstəricilərinin nəzərə alınmadığı barədə qənaətə gəlinmişdir. Belə ki, “dövlət əmlakının (bina və tikililər, nəqliyyat vasitəsələi, torpaq) satışından daxilolmalar” üzrə 2024-cü ilin icra göstəriciləri 666,5 min manat, 2025-ci ilin ötən 9 ayı ərzində icra göstəriciləri 926,9 min manat olmuş, növbəti büdcə ili üzrə isə 650,0 min manat proqnozlaşdırılmışdır. Həmçinin digər istiqamətlər üzrə sair daxilolmaların 2024-cü ilin icra göstəriciləri 6,7 mln.manat, 2025-ci ilin ötən 9 ayı ərzində icra göstəriciləri 4,7 mln.manat, növbəti büdcə ili üzrə isə təqribən 1,1 mln.manat həcmində vəsait proqnozlaşdırılmışdır. Bundan əlavə olaraq qeyd edək ki, “dövlət əmlakının (bina və tikililər, nəqliyyat vasitəsələri, torpaq) satışından daxilolmalar” dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldildiyi halda Naxçıvan Muxtar Respublikası büdcəsi üzrə büdcə gəlirlərinə şamil edilir. Qeyd edək ki, müvafiq halın baş verməsinin əsas səbəbi Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə kəsrin formalaşmamasına görə olmuşdur”, - məlumatda vurğulanıb.
