...

SOCAR-dakı bu transformasiyalar ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir - Murad Abdullayev

İqtisadiyyat Materials 21 Yanvar 2026 13:39 (UTC +04:00)
SOCAR-dakı bu transformasiyalar ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir - Murad Abdullayev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Dünyada 210–250 şirkət arasında təqdim edilən beynəlxalq mükafata SOCAR üçüncü dəfə layiq görülüb, lakin ilk dəfədir ki, Azərbaycan və Orta Asiya regionundan “SOCAR Karbamid” zavodu bu mükafatı qazanır.

Trend-in məlumatına görə, bu sözləri SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev Davos İqtisadi Forumunda jurnalistlərə açıqlamasında bildirib.

"SOCAR Karbamid” zavodunun Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilməsi, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülməsinə münasibət bildirən Murad Abdullayev qeyd edib ki, bu nailiyyət SOCAR-da həyata keçirilən sistematik rəqəmsal transformasiyanın düzgün istiqamətdə aparıldığını göstərir:

"Şirkət rəqəmsal transformasiyanı yalnız texnologiyanın tətbiqi və ya konkret layihələrin icrası məqsədilə deyil, strateji hədəflərə – səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid və əməkdaşların yeni texnologiyalardan istifadəsinin təkmilləşdirilməsinə uyğun həyata keçirir. SOCAR-dakı bu transformasiyalar ölkəmiz üçün də böyük əhəmiyyət kəsb edir".

SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı onu da bildirib ki, lokal bacarıqların artırılması və digər şirkətlər üçün nümunəvi layihələrin reallaşdırılması ölkədə rəqəmsal inkişafın öncül nümunəsi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, son üç il ərzində həyata keçirilən sistemli transformasiya və innovasiyayönümlü fəaliyyət nəticəsində Karbamid zavodu dünyanın ən iri və nüfuzlu şirkətləri sırasında fərqlənərək 2025-ci ildə ilkin olaraq finalçılar sırasında yer alıb, növbəti mərhələdə Dünya İqtisadi Forumunun təmin etdiyi ekspertlər tərəfindən yerində qiymətləndirmə aparılıb və nəticə olaraq “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib və “Rəqəmsal mayak” mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti