Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Trend xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda 5 ünvanda yerləşən yaşayış komplekslərində satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edilib və 2813 kirayə müqaviləsi rəsmiləşib. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə inidiyə qədər 9070 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil
mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda
mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron
rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş
həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb,
bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün
mənzillər yeni və müasir tikinti materiallarından istifadə
olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi
cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz
olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət
qeydiyyatına alınıb.
