...

ING Group Azərbaycan Mərkəzi Bankının əsas uçot dərəcəsini olduğu səviyyədə saxlayacağını proqnozlaşdırır

İqtisadiyyat Materials 31 Yanvar 2026 10:01 (UTC +04:00)
ING Group Azərbaycan Mərkəzi Bankının əsas uçot dərəcəsini olduğu səviyyədə saxlayacağını proqnozlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankının fevralın 4-də keçiriləcək iclasında əsas uçot dərəcəsini dəyişməyərək 6,75% səviyyəsində saxlayacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Niderlandın ING Group şirkətinin dərc etdiyi hesabatda deyilir.

“Azərbaycanın xarici ticarət profisiti azalmaqda davam edir və 2025-ci ilin yekunlarına görə 1 milyard ABŞ dollarından aşağı düşüb, neft qiymətləri üzrə daha yumşaq gözləntilər isə 2026-cı ildə cari əməliyyatlar hesabının mənfi formalaşması risklərinin qalmaqda davam etdiyini göstərir. Lakin, bu proseslərin manatın ABŞ dollarına nisbətdə 1,70 səviyyəsində olan məzənnə bağlılığına təzyiq yaratması ehtimalı azalıb. Ötən ilin yekunlarına görə gözləniləndən daha yüksək – ÜDM-in 2,6%-i səviyyəsində formalaşan konsolidə edilmiş büdcə profisiti Dövlət Neft Fondunun (SOFAZ) və Mərkəzi Bankın likvid aktivlərini təxminən ÜDM-in 110%-nə qədər artırmağa imkan verib və bu da zərurət yarandıqda milli valyutanın müdafiəsi üçün hakimiyyət orqanlarına əhəmiyyətli dayanıqlıq ehtiyatı təmin edib. Bundan əlavə, regionda üzən məzənnəli valyutaların, o cümlədən Qazaxıstan tengesi və Özbəkistan somunun son dövrdə möhkəmlənməsi sabit məzənnəyə malik manatın regional kontekstdə daha az fərqlənməsinə səbəb olur və ona olan nisbi təzyiqi zəiflədir”, – hesabatda qeyd olunur.

Faiz siyasətinə gəlincə, ING-də bildirirlər ki, qabaqlayıcı göstəricilər nisbətən “yumşaq” mənzərə formalaşdırır.

“2025-ci ildə ÜDM artımının 1,4% səviyyəsində olması və gözləntilərdən aşağı qalması, inflyasiyanın illik ifadədə 5,2–5,3%-dək yavaşlaması, habelə bank sistemində valyuta depozitlərinin payının azalması perspektivdə pul-kredit siyasətinin yumşaldılması ehtimalını dəstəkləyən arqumentlər yaradır. Eyni zamanda ehtiyatlı yanaşma zərurəti qalmaqdadır: ötən il xərclərin artması fonunda SOFAZ-ın yanacaq gəlirləri nəzərə alınmadan hesablanan konsolidə edilmiş fiskal balans ÜDM-in 11%-i səviyyəsinədək pisləşib, xarici ticarət balansı isə idxalın ixracı qabaqlayan artımı səbəbindən zəifləyib. Bu amillər yaxın perspektivdə mövcud siyasət parametrlərinin saxlanılmasının məqsədəuyğun olduğunu göstərir, istənilən faiz endirimi isə inflyasiyanın daha dayanıqlı şəkildə zəifləməsi və büdcə intizamının yaxşılaşması ilə bağlı aydın siqnalların ortaya çıxmasından asılı olacaq”, – deyə hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti