Bakı. Trend:
“Estoniya Dəmir Yolları” şirkəti Qazaxıstanla yükdaşımaların inkişafı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) istifadəsində əhəmiyyətli potensial görür.
Bu barədə “Estoniya Dəmir Yolları”nın kommersiya direktoru Artur Rayxmann Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qazaxıstanla yükdaşımaların inkişafı şirkət üçün strateji prioritetə çevrilib.
“Qarşılıqlı faydalı artımı təmin etmək üçün biz bütün səviyyələrdə əməkdaşlığın dərinləşdirilməsinə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak etməyə yönəlmişik”, – deyə o qeyd edib.
A. Rayxmann vurğulayıb ki, Estoniya Orta Dəhlizin yük axınlarına inteqrasiya üçün böyük potensiala malikdir. Onun sözlərinə görə, ölkə xidmətlərin yüksək keyfiyyəti, işin səmərəliliyi və dəmir yolu, liman və terminal infrastrukturunun əlaqəli inteqrasiyası ilə seçilir.
Xatırladaq ki, A. Rayxmann 2025-ci ilin dekabr ayında Trend-ə bildirmişdi ki, Estoniyanın Orta Dəhlizə mümkün inteqrasiyası müzakirə olunub, lakin həmin vaxt bu marşrut çərçivəsində konkret nəqliyyat layihələri mövcud olmayıb.
“Qazaxıstan Dəmir Yolları” (KTJ) milli şirkətinin məlumatına görə, 2025-ci ildə Qazaxıstanla Estoniya arasında dəmir yolu daşımalarının həcmi 2,1 dəfə artaraq 382,4 min tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 197,4 min ton çoxdur. İxrac 313,7 min ton (2,6 dəfə artım və ya 192,9 min ton çox), idxal isə 29,7 min ton (30,2 faiz artım və ya 6,9 min ton çox) təşkil edib.
Qeyd edək ki, Orta Dəhliz Çindən başlayır və Qazaxıstan ərazisindən keçir. Daha sonra Xəzər dənizini keçərək Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxır.
