Naxçıvan. Trend:
Azərbaycanda Merlər Razılaşması çərçivəsində bu il "Enerji Günləri"nin keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu bu gün Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə bildirib.
O vurğulayıb ki, Merlər Razılaşması çərçivəsində yaxınlaşan digər bir fəaliyyət isə "Enerji Günləri 2026"dır: "Adətən şəhərlər bu tədbirləri "Avropa Dayanıqlı Enerji Həftəsi" çərçivəsində təşkil edirlər. Güman ki, mart ayının sonuna qədər şəhərlərinizdə keçirmək istədiyiniz tədbir və fəaliyyət ideyalarını toplayacağıq. Enerji günləri çərçivəsində təşkil oluna biləcək müsabiqələr üçün bəzi mükafatlarla sizi dəstəkləyə, metodoloji baxımdan köməklik göstərə, digər şəhərlərin təcrübələrini bölüşə bilərik. Hesab edirəm ki, bu, yerli səviyyədə enerji səmərəliliyini təşviq etmək üçün yaxşı fürsətdir. Bundan başqa, bu il Azərbaycan daxil olmaqla, 200-dən çox iştirakçının qatılacağı böyük konfrans keçirəcəyik. Söhbət bu ilin mayında Moldovada Merlər Razılaşmasının yaradılmasının 15-ci ildönümü ilə bağlı konfransdan gedir".
M.Vereşçak qeyd edib ki, Azərbaycanda Merlər Razılaşamasına imza atan bələdiyyələrin sayının artacağı gözlənilir: "Merlər Razılaşmasına sadiq qalan bələdiyyələrin sayının artmasını istəyirik və bələdiyyələrə bu təşəbbüsə qoşulmaq üçün ilk addımlarında kömək etməyə hazırıq. Növbəti addım isə şəhərlərin əsas öhdəliklərindən biri olan Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının (SECAP) hazırlanmasında yardım göstərməkdir".
