Bakı. Trend:
29 yanvar 2026-cı il tarixində Avropa İttifaqı və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım ataraq Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının birgə hazırlanacağını elan ediblər. Bu layihə Aİ-nin “EC Global Gateway” təşəbbüsünün və bu yaxınlarda təqdim olunmuş Regionlararası Qarşılıqlı Əlaqələndirmə Proqramının tərkib hissəsidir. Proqramın məqsədi nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və ticarət sahələrində dayanıqlı və etibarlı əlaqələrin yaradılmasıdır.
Naxçıvanda dəmir yolu Transxəzər Nəqliyyat Dəhlizinin strateji elementi olacaq və Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək. Avropa Komissiyasının məlumatına görə, bu marşrutdan istifadə Avropa ilə Mərkəzi Asiya arasında tranzit müddətini 15 günə qədər azaltmağa imkan verəcək. Bu, təkcə logistikanın sürətləndirilməsi deyil, eyni zamanda yeni iqtisadi axınların, ticarət və investisiya imkanlarının, eləcə də region ölkələri arasında əməkdaşlığın genişlənməsi deməkdir.
Azərbaycan üçün dəmir yolu layihəsi iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, kənd ərazilərinin inkişafı və regional əlaqəliliyin gücləndirilməsi baxımından mühüm imkandır. Layihə əhali və yüklərin mobilliyinin artmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və daxili və beynəlxalq ticarət üçün yeni marşrutların formalaşdırılmasına töhfə verəcək.
Avropa İttifaqı üçün isə bu, ayrı-ayrı marşrutlardan asılılığın azaldılması və Avrasiya ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanıdır, eyni zamanda regional sabitliyə dəstək deməkdir. Aİ layihəni geosiyasi öhdəlikləri konkret infrastruktur həllərinə çevirən alət kimi qiymətləndirir ki, bu da Cənubi Qafqazda sülh əməkdaşlığının gücləndirilməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Transxəzər dəhlizi və Naxçıvan dəmir yolu digər Avrasiya ölkələri üçün də faydalı ola biləcək regional inteqrasiya modelini formalaşdırır.
Yeni nəqliyyat marşrutları Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinə Avropa və Asiya bazarlarına daha sürətli qoşulmağa imkan verir, logistika xərclərini azaldır və ixrac axınlarının şaxələndirilməsi üçün yeni imkanlar açır. Bundan başqa, layihə innovativ maliyyə alətlərinin tətbiqini və “yumşaq” infrastrukturun – o cümlədən tənzimləmələrin uyğunlaşdırılması, prosedurların standartlaşdırılması və mütəxəssislərin hazırlanması – inkişafını stimullaşdırır ki, bu da dövlətlər və biznes arasında uzunmüddətli əməkdaşlıq üçün platforma yaradır.
Beləliklə, Naxçıvanda dəmir yolu yalnız nəqliyyat funksiyası ilə məhdudlaşmır. O, iqtisadi multiplikator effekti yaradır: tikinti və logistika sahələrində yeni iş yerləri açılır, investisiyaların cəlbi olunması, anbar infrastrukturundan rəqəmsal texnologiyalara qədər tutmuş əlaqəldar sahələrin inkişafı. İqtisadiyyatın şaxələndirilməsi və regional əlaqəliliyin gücləndirilməsi Azərbaycan və qonşu ölkələrə rəqabət qabiliyyətini və iqtisadi dayanıqlığını artırmağa kömək edəcək.
Naxçıvanda dəmir yolu layihəsi lokal infrastruktur təşəbbüsündən daha geniş məna daşıyır. O, nəqliyyat və logistika sahəsinə yönəlmiş strateji investisiyaların sülhü möhkəmləndirə, iqtisadi imkanlar yarada və regional inteqrasiyanı təşviq edə biləcəyini nümayiş etdirir. Belə yanaşma yalnız Azərbaycan və Aİ üçün deyil, həmçinin Avropa ilə Asiya arasında tranzit dəhlizlərinin inkişafında maraqlı olan bütün ölkələr üçün dayanıqlı iqtisadi artım və sabitlik baxımından faydalıdır.
