Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 77,9 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,8 milyon ABŞ dolları və ya 6,6% çoxdur.
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 69,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 7,3% çoxdur.
Hesabat ayı ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının 31,617 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 19,4% çoxdur. Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracına nisbətən 11,78% paya malik olub. Bununla da hesabat ayında Gürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 3-cü pillədə qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 8,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 51 min ABŞ dolları və ya 0,6% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
