Bakı. Trend:
Bakı. Trend:
Azərbaycan və İran enerji layihələrinin icrası ilə bağlı
müzakirələr aparıblar.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.
Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058 milyon ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.
Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3% azdır.
