Azərbaycan, Bakı, 06 may / Trend , müxbir S.Əliyev /
"Azərbaycanda Belarusiya traktorlarının buraxılışı üzrə yeni birgə müəssisə (BM) öz işinə iyulda başlayacaq", - çərşənbə günü, traktorların yığılması gözlənilən Gəncə Avtomobil Zavodunun (GAZ) direktoru Xanlar Fətiyev deyib.
Bir müddət əvvəl Belarusiyada GAZ və Minsk Traktor Zavodu (MTZ) arasında BM yarardılması üzrə müqavilə imzalanıb.
"İyula qədər bu müəssisənin qeydiyyatı üzrə bütün işlər həll olunacaq və müəssisə öz işinə başlayacaq", - Fətiyev bildirib. BM-in gücü ildə 8-10 min traktor olacaq.
Əsas satış bazarı kimi Türkiyə nəzərdə tutulur. Ötən il bu ölkəyə traktor idxalı təxminən 23 min ədəd olub. Daxili istehsalın həcmi isə 8 min ədəd təşkil edib. Hazırda zavodun İstanbulda yerləşməsi planlaşdırılan nümayəndəliyinin açılışı ətrafında son danışıqlar aparılır. Məhsullar həmçinin, İran, Gürcüstan və ola bilsin ki, Rusiyanın cənub redgionlarına tədarük olunacaq.
Bu il ərzində GAZ 300-500 traktor satmaq fikrindədir. Türkiyə ərazisində satış həyata keçirmək üçün texnikanın satışsonrası tam xidmətinin təqdimi və bu traktorların ölkənin bütün ərazisində təmiri üçün müəyyən yerlərin yaradılması lazımdır. Bu məsələnin həlli məqsədilə GAZ Türkiyə şirkətlərindən biri ilə tərəfdaşlıq münasibətləri qurmalıdır. "Hazırda bu məsələ üzrə danışıqlar başa çatdırılır", - Fətiyev deyib.
GAZ öz gücü hesabına MTZ-nin məhsulunu yığır.
Marketinq tədqiqatlarına əsasən, zavod hazırda malik olduğu imkanlarla ildə 5 min ədəd istehsal gücünə malikdir.
Azərbaycanda Minsk Avtomobil və Traktor zavodlarının bütün növ yük məhsullarının yığım və satışı üzrə müqavilə 2006-cı ilin noyabr ayının sonunda Minskdə imzalanıb.
Yığım 15 min kvadrat metr sahədə həyata keçirilir.
Gəncə şəhəri Azərbaycanın qərbində, Bakıdan 265 kilometr uzaqlıqda yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]