Azərbaycan, Bakı, 03 iyun / Trend /
"Bu gün AccessBank-ın dərc etdirdiyi müstəqil tədqiqatların nəticələrinə əsasən, AccessBank-dаn maliyyə vəsaitləri almış sahibkarların gəlir səviyyəsi əhəmiyyətli dərəcədə artıb", - bankın məlumatında deyilir.
Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMA) tərəfindən hazırlanmış bu hesabat, mikromaliyyənin müştərilərə təsirinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycanda mikromaliyyə müştəriləri ilə aparılmış sorğulara əsaslanır.
AMA tərəfindən cari ilin əvvəlində dərc olunmuş ilkin sorğu və hesabatda Azərbaycandakı 2,000 müştəri nümunə göstərilir ki, onlardan yarısı yeni, digər yarısı isə uzunmüddətli müştərilərdir. Hesabatda, həmçinin mikromaliyyənin təsirinin qiymətləndirilməsi üçün 2 qrup müqayisə olunur. İlkin hesabatda 2,000 mikromaliyyə müştərisi, o cümlədən AccessBank-ın 336 müştərisi ilə sorğu aparılıb.
Bu gün dərc olunmuş yeni hesabatda isə AccessBank müştəriləri ilə əlaqədar nəticələr ümummilli miqyaslı nəticələrlə müqayisə olunur. Hesabatda göstərilir ki, AccessBank-ın uzunmüddətli müştəriləri olan ailələrin orta gəlir səviyyəsi yeni müştərilərlə müqayisədə 90% (2,025 AZN-lə müqayisədə 3,800 AZN), biznes gəlirləri isə 120% (5,629 AZN məbləği ilə müqayisədə 12,397 AZN) artıq olub. Gəlirlərin yüksək səviyyədə olması, həmçinin təhsilə çəkilən böyük xərclərə rəğmən, əmanətlərdən və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün digər xərclərdən irəli gəlir. Tədqiqatlar sübut edir ki, bu fərq AccessBank-ın maliyyə fəaliyyətinin Azərbaycanda makro və kiçik sahibkarların inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini nümayiş etdirir.
"Hazırda bütün dünyada peşəkarlar mikromaliyyənin müştərilərə nə dərəcədə təsir edtiyi barədə müzakirələr aparırlar. Bu cür müstəqil tədqiqatlar AccessBank-ın mikromaliyyə vəsaitlərinin göstərdiyi müsbət təsiri açıq-aydın nümayiş etdirir və sübut edir ki, AccessBank iqtisadiyyatı diversifikasiya etməklə və yoxsulluq səviyyəsini azaltmaqla, kiçik sahibkarlığa yardım göstərmək missiyasını tam şəkildə yerinə yetirir", - AccessBank-ın baş meneceri Endryu Pospilovski bu hesabatın dərc olunmasını şərh edərkən deyib.
AccessBank-ın təsirinin qiymətləndirilməsi haqqında AMA-nın hesabatı, eləcə də "Azərbaycanda Mikromaliyyələşdirilmənin Təsirinin və Mikromaliyyə Tədqiqatlarının Sosial Effektivliyinin Qiymətləndirilməsi" ilə AccessBank-ın veb-saytında (www.accessbank.az) tanış olmaq mümkündür.
AMA 2001-ci ildə yaradılıb və 26 üzvü var - bu üzvlər Azərbaycanda əsas mikromaliyyə təchizatçılarıdır. AMA-nın missiyası mikromaliyyə institutlarının imkanlarının genişləndirilməsindən və mikromaliyyə ictimaiyyətinin mənafeyinin müdafiəsi yönümündə kollektiv surətdə aparılan əməliyyatlara yardım göstərilməsindən ibarətdir.
AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.