...

Azərbaycan Çindən keyfiyyətsiz uşaq oyuncaqlarının idxalına nəzarəti artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 16:06 (UTC +04:00)
Azərbaycan Çindən keyfiyyətsiz uşaq oyuncaqlarının idxalına nəzarəti artırıb

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi insan həyatı üçün təhlükəli sayılan Çin istehsalı olan uşaq oyuncaqlarının idxalına nəzarəti artırmaq məqsədi ilə bütün müvafiq dövlət idarələrinə müraciət edib. Bu barədə çərşənbə günü komitədən bildirilib.

Mənbədən bildirilib ki, komitə ölkəyə Çin istehsalı olan oyuncaqları idxal edən bütün sahibkarlara xəbərdarlıq göndərib. 

Ötən həftə komitə uşaq oyuncaqları, geyimləri və qidası üzrə keçirilən monitorinqlərin nəticələrini elan edib. Monitorinqlər Bakının Səbayıl, Nəsimi və Qaradağ rayonlarında keçirilib. Komitənin əməkdaşları yoxlama yerində Çin istehsalı olan oyuncaqlardan nümunələr götürərək komitə nəzdindəki laboratoriyada yoxlayıb.

Təhlillərin nəticələrinə əsasən oyuncaqların tərkibində ağır metallar aşkar edilib, oyuncaqların qoxusu normadan artıq olub, həmçinin boyalar və oyuncaqların tikişləri davamsızdır. Bütün bu göstəricilər insan orqanizmi üçün ciddi təhlükədir.

Bütün pozuntu hallarında müəssisə sahibkarlarına təhlükəli oyuncaqların satışdan çıxarılması tələbi irəli sürülüb.  

Komitədən bildirilib ki, hazırda idarənin əməkdaşları bu piştaxtalarda təkrar monitorinqlər keçiriblər. Monitorinqlər nəticəsində məlum olub ki, sahibkarlar ciddi xəbərdarlıqlara baxmayaraq uşaqlar üçün təhlükəli olan malların satışını davam etdirir.

"Bu sahibkarlara qarşı aktlar tərtib edilib və həmin malların satışdan çıxarılaraq kütləvi halda məhv edilməsi barədə qərar qəbul edilib ", - deyə komitədən bildirilib.

Komitənin monitorinqləri davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti