Azərbaycan, Bakı, 13 iyul / Trend /
İmişli Şəkər Zavodunda şəkər bayramı keçirilib.
Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan bayram mərasimində şəkər çuğunduru istehsalında ən yüksək məhsuldarlıq əldə edən 379 mülkiyyətçinin hər birinə 50-100 kiloqram olmaqla, ümumilikdə 20 ton şəkər tozu hədiyyə edilib. Mülkiyyətçilərdən ilk üç yerin qalibi İmişli sakini Əliyev Şükürə 500 kq, Salmanov Salmana 400 kq və Bünyatov Süleymana 300 kq şəkər tozu hədiyyə olunub. Tədbirdə Ağdam, Аğcabədi, Beyləqan, İmişli, Bərdə mülkiyyətçiləri çıxış edərək yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Bu il yerli mülkiyyətçilərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün İmişli Şəkər Zavodu tərəfindən şəkər çuğundurunun qəbul qiymətləri artırılaraq tonu 48 manata çatdırılıb. Məhsulun becərilməsi, gübrələnməsi, daşınması üçün tələb olunan xərclər də İmişli Şəkər Zavodu tərəfindən ödənilməkdədir. Nəticədə mülkiyyətçilər hər hektardan 2300-2500 manat təmiz gəlir əldə edirlər. Bu da bu sahəyə olan marağı artırmaqdadır. Nəticədə sahələrdən 2006-cı ildə 72 min ton şəkər çuğunduru toplanmışdısa, 2007-ci ildə bu göstərici 110 min ton, 2008-ci ildə isə 187 min ton olmuşdu.
"Azərsun Holdinq" tərəfindən həyata keçirilən bu kimi layihələr, şirkətin sosial məsuliyyətini dərk edərək insanların rifahının yaxşılaşmasına verdiyi töhfə və yerli şirkətlərə nümunə ola biləcək müsbət təcrübədir.