Azərbaycan, Bakı, 02 sentyabr / Trend /
Azərbaycanın Vergilər Nazirliyi vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində yeni layihələr üzrə işlər çərçivəsində ölkədə elektron vergi hesab-fakturalarının tətbiqinə başlayacaq. Bu barədə nazirliyin çərşənbə günü yayılmış məlumatında deyilir.
Məlumatda deyildiyi kimi, elektron vergi hesab-fakturalarının tətbiqi bir tərəfdən vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin bəsitləşdirilməsi üçün şərait yaradacaq, digər tərəfdən isə vergi nəzarətinin səmərəliliyinin artırılmasına yardım edəcək.
Bununla əlaqədar olaraq bu ilin iyul ayında Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Nazirlikdən bildirildiyi kimi, hazırda hesab-fakturaya və bu əməliyyat üzrə vergilərin qarşılıqlı hesabatı prosesinə avtomatlaşdırılmış nəzarəti təmin edəcək proqram təchizatının yaradılması üzərində işlər həyata keçirilir. Həmçinin proqram təchizatının sınaqdan keçirilməsi üzrə işlər aparılır.
Elektron vergi hesab-fakturaları 2010-cu il yanvarın 1-dən tətbiq ediləcək.