Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 150 kq-dan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Suraxanı və Abşeron rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
Satışdan götürülən istifadə müddəti ötmüş məhsullar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, spirtli içkilər və pivə olub.
İstehlakçı hüquqlarını pozan yeddi fiziki şəxs barəsində inzibati xətalar barədə protokol tərtib edilib.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 428 fiziki şəxsə 639,5 min manat cərimə tətbiq olunub.
Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]