Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir N.İsmayılova/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda metanol istehsal edəcək zavodun tikintisi çərçivəsində AZMECO şirkəti üçün 120 milyon dollar həcmində kreditin maliyyələşməsini bəyənib. Bu barədə cümə axşamı AYİB-in Bakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən verilən məlumata görə, layihənin imzalanma tarixi hələlik müəyyən edilməyib.
Maliyyələşmə iki tranşla həyata keçiriləcək: 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək.
"Bu layihədə AZMECO-nun şəxsi əmanəti 70 milyon dollardır. Layihənin maliyyələşdirilməsi prosesində Azərbaycan Beynəlxalq Bankı, EDC of Canada və Qara dəniz Ticarət və İnkişaf Bankı da iştirak edir", - şirkətdən deyilib.
Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardan çoxdur.
Qaradağ rayonunda yerləşəcək metanol istehsal edən zavodun gələn ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır. Zavodun tikilməsinə 2007-ci ildə başlanılıb.
Birinci faza çərçivəsində zavodun illik gücü 720 min ton olacaq. Kompleksin tikilməsinin ikinci fazası çərçivəsində işlərin başa çatması 2011-ci ilə planlıaşdırılır. Bu fazada azot gübrələri istehsal ediləcək. Layihənin ikinci fazası çərçivəsində 400 min tona yaxın azot gübrəsinin istehsal edilməsi planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]