Azərbaycan, Bakı, 25 iyun /Trend, Ü.Sadıqova/
Cümə günü Bakıda "Istanbul fashion show" türk modası sərgisi açılıb. Sərgi iyunun 27-dək davam edəcək.
Azərbaycanda belə sərgi ikinci dəfədir keçirilir. Birinci sərgi yanvarda keçirilib. Sərgidə qadın, kişi və uşaq geyimi istehsal edən 50-dən çox türk markası nümayiş olunur.
Sərginin təşkilatçısı qismində Türkiyənin "Meridyen" şirkəti, Beynəlxalq Sərgi Xidməti, Türkiyənin Azərbaycandakı Səfirliyinin Xarici Əlaqələr Üzrə Katibliyi, "Osmanbey" Türk İş Adamları Birliyi və digər təşkilatlar çıxış edirlər.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyinin xarici əlaqələr üzrə müşaviri Qazi Bilgin və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.