...

İlin birinci yarısında Azərbaycanda vergi qanunvericiliyinin pozulmasına görə 94 cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 18:14 (UTC +04:00)
2010-cu ilin birinci yarısında vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və bu kimi digər faktlarla bağlı materiallar üzrə 94 cinayət işi başlanıb və 37 iş üzrə ibtidai istintaq tamamlanıb.
İlin birinci yarısında Azərbaycanda vergi qanunvericiliyinin pozulmasına görə 94 cinayət işi qaldırılıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

2010-cu ilin birinci yarısında vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və bu kimi digər faktlarla bağlı materiallar üzrə 94 cinayət işi başlanıb və 37 iş üzrə ibtidai istintaq tamamlanıb. Bu barədə Vergilər Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 17 iş, qanunsuz sahibkarlığa görə 3 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 2 iş olmaqla, cəmi 22 nəfər barəsində 22 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 9 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə dəymiş ziyandan 1,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 6 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 63 şəxsin məcburi qaydada gətirilməsi, 125 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 122 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 156 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim edilib.

İyulun 13-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti