Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda 2010-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 991 nəfər təşkil edib. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir. Dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd edilir.
Yanvar-oktyabr ayı ərzində əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtının, idman və bədən tərbiyəsi üzrə tədbirlərinin təşkili, əlillərə maddi və texniki yardımın təşkili üzrə xərclərə 2,8 milyon manat vəsait yönəldilib.
Azərbaycanda əlillərə dövlət qayğısı 2006-cı il yanvarın 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanun çərçivəsində təmin edilir. Qanuna əsasən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib.
Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən müharibəsi əlillərinə 110 faizi məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.
Məlumatda qeyd edilib ki, bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.
Bu dövr ərzində əlillərin sosial müdafiəsi üzrə bir sıra tədbirlər də görülüb.