Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nərimanov rayonunda fiziki şəxs O.Quliyevə məxsus sexdə duzlu suda yetişdirilmiş pendir istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Bu barədə komitənin cümə günü yaydığı məlumatda deyilir.
Araşdırma zamanı müəyyən edilib ki, məhsul təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Müəssisədə texnoloji prosesin pozulması faktı aşkar edilib. Belə ki, pendirin yetişmə müddətinə (60 gün) riayət olunmur və məhsul müəyyən edilmiş qaydalara uyğun yetişdirilmir. Yoxlama zamanı istifadə olunan xammalların uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında istifadəsinə icazə verilməyən təkrar qablardan istifadə olunduğu, anbarda hazır məhsulun sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığı, markalanmanın normativ sənədin tələblərinə uyğun aparılmadığı müəyyən edilib.
Nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə qarşı inzibati qaydada protokol tərtib edilib.