...

Ərzaq təhlükəsizliyinin gücləndirilməsi Azərbaycan üçün əhəmiyyətli rol oynayır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 18:47 (UTC +04:00)
Ötən il Azərbaycan regionlarında sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsində 160-dan çox müəssisə istismara verilib.
Ərzaq təhlükəsizliyinin gücləndirilməsi Azərbaycan üçün əhəmiyyətli rol oynayır - nazir

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

Ötən il Azərbaycan regionlarında sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsində 160-dan çox müəssisə istismara verilib. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş kofransda deyib.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Nazirin sözlərinə görə, ötən il həmçinin 200-dən çox müəssisənin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı üzrə 12 istehsal sahəsinin tikintisi davam etdirilib.

"Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materilları zavodları, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilib", - Mustafayev bildirib.

Onun sözlərinə görə, bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı kompleksinin inşası Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilib. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilib, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilib.

Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılıb, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır. Nazirin sözlərinə görə, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam edib və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunub.

"Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın diversifikasiyasında, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır", - Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8%, çeşidi isə 5,6% artıb.

Xəbər lenti

Xəbər lenti