...

Fevralda Azərbaycanda inflyasiya 2,2 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir N.İsmayılova/

Fevralda istehlak mallarının qiyməti və xidmət tarifləri ötən ayla müqayisədə 2,2 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarının qiyməti 2,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tariflər 4,3 faiz, qeyri-ərzaq malları isə 0,1 faiz artıb.

Ötən ay ərzaq məhsullarından düyünün, manna yarması, makaron və vermişel, qoyun əti, toyuq və toyuq budu, təzə balıq, pendir, xama, yumurta, kərə yağı, bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, şabalıd, kələm, göyərti, çuğundur, kök, xiyar, pomidor, bibər, sarımsaq, soğan və kartofun qiyməti bahalaşıb.

Eyni zamanda, ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu, əsasən buğda unu, qarabaşaq yarması, çörək, pasterizə olunmuş üzlü südün qiymətlərində qeydə alınıb.

Fevral ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, yerli və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində, poçt xidmətləri üzrə bağlama göndərilməsi tariflərində, soyuq su təchizatı və kanalizasiya xidməti tariflərində bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti