...

Azərbaycan bankı "AccessBank" FMO və OeEB-dən 10 milyon dollar alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 16:06 (UTC +04:00)
Azərbaycan bankı "AccessBank" 20 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit çərçivəsində FMO və OeEB banklarından 10 milyon ABŞ dolları məbləğində ilk tranş alıb.
Azərbaycan bankı "AccessBank" FMO və OeEB-dən 10 milyon dollar alıb

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan bankı "AccessBank" 20 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit çərçivəsində FMO və OeEB banklarından 10 milyon ABŞ dolları məbləğində ilk tranş alıb. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu üçillik kredit "AccessBank-ın" xarici investorlardan aldığı bütün digər kreditlər kimi, Azərbaycanda mikro və kiçik biznesin maliyyələşdirilməsinə yönəldiləcək.

"Bu kreditin köməyi ilə "AccessBank" öz biznesini genişləndirərək Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhfəsini verəcək", - FMO-nun icraçı direktoru Nanno Klayterp deyib.

"AccessBank-la əməkdaşlıq etməklə OeEB Azərbaycanın kiçik və orta sahibkarlarının maliyyə vəsaitlərindən istifadə imkanlarını artıra bilər və bu yolla yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etmiş olar", - OeEB İcraiyyə Şurasının üzvü Andrea Haqmann deyib.

Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybiç və Niderland Krallığının Azərbaycandakı səfiri Aren Uyterlinde bu hadisəni təqdir edərək bildiriblər: "Biz çox şadıq ki, bu maliyyə əməliyyatı sayəsində bizim ölkələrimiz Azərbaycanda kiçik biznesin inkişafının və iqtisadiyyatın diversifikasiyasının dəstəklənməsinə kömək edə biləcək".

"Bu, bizim FMO və OeEB təşkilatlarından aldığımız ilk kreditdir və bu kredit Azərbaycanın bütün regionlarında kiçik biznesin, xüsusən də kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinin genişləndirilməsində banka yardımçı olacaq", - AccessBank-ın baş meneceri Endryu Pospilovski FMO və OeEB təşkilatlarına öz minnətdarlığını bildirərək deyib.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Niderland İnkişaf və Maliyyələşdirmə Şirkəti (FMO) Niderland sahibkarlığının inkişafı bankıdır. FMO inkişaf etmiş ölkələrin şirkətlərində və maliyyə təşkilatlarında risk kapitalına investisiya qoyur. 4,6 milyard avro həcmində investisiya portfelinə malik olan FMO özəl sahibkarlığın ikitərəfli inkişafı sahəsində dünyanın ən böyük banklarından biridir. Qismən Niderland hökumətini ilə əməkdaşlıq sayəsində FMO kommersiya maliyyəçilərinin öz üzərinə götürə bilmədikləri və ya hələ buna hazır olmadıqları riskləri öz üzərinə götürmək imkanına malikdir. FMO-nun missiyası öz ölkələrinin sabit inkişafına təkan verə biləcək bacarıqlı müəssisələr yaratmaqdan ibarətdir (www.fmo.nl).

Oesterreichische Entwicklungsbank AG (OeEB) 2008-ci ilin mart ayından etibarən rəsmi Avstriya İnkişaf Bankı qismində fəaliyyət göstərir. O, inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən və sabit inkişafı təmin edən özəl sektor layihələrinin maliyyələşdirilməsi sahəsində ixtisaslaşıb. Beynəlxalq kapital bazarlarında borclanma və ya maliyyələşmə imkanlarının artırılması üçün mürəkkəb olan bir şəraitdə OeEB uzunmüddətli investisiyaların müxtəlif növləri üzrə qeyri-standart maliyyə həlləri təqdim edir. Bundan əlavə, OeEB layihələrin inkişafetdirici təsirin yüksəldilməsi üçün istifadə oluna biləcək Texniki Dəstək (Məsləhətçi Proqramlar) təqdim edir (www.oe-eb.at).

Xəbər lenti

Xəbər lenti