...

Azərbaycanın sığorta şirkəti "Atəşgah Həyat" işəgötürənlərlə 1,5 mindən çox müqavilə bağlayıb - idarə heyətinin sədr müavini (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 19:03 (UTC +04:00)
Trend-in Azərbaycanın sığorta şirkəti "Atəşgah Həyat"ın idarə heyətinin sədr müavini Əkbər Mədətli ilə müsahibəsi
Azərbaycanın sığorta şirkəti "Atəşgah Həyat" işəgötürənlərlə 1,5 mindən çox müqavilə bağlayıb - idarə heyətinin sədr müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Axundov/

Trend-in Azərbaycanın sığorta şirkəti "Atəşgah Həyat"ın idarə heyətinin sədr müavini Əkbər Mədətli ilə müsahibəsi

- Bu yaxınlarda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. "Atəşgah Həyat"a yeni qanuna uyğun olaraq müqavilələrin bağlanması ilə əlaqədar neçə müraciət daxil olub? Şirkətiniz tərəfindən artıq neçə müqavilə imzalanıb?

- "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun şübhəsiz ki, Azərbaycanın sığorta bazarına təsir göstərib. Və əlbəttə ki, bu müsbət təsirdir. Yeni şirkətlər yaradılır, sığorta haqları artır. Belə ki, hazırda bu növ üzrə sığorta haqlarının ümumi həcmi artıq 5-6 milyon manat təşkil edir. Onlar gələcəkdə də artacaq. Bu kifayət qədər yaxşı rəqəmdir.

Bundan başqa, əhalinin sığorta mədəniyyəti artır. Bu o deməkdir ki, əvvəllər heç vaxt sığorta ilə rastlaşmayan insanlar heç olmasa belə terminin mövcud olması haqqında biləcəklər. "Atəşgah Həyat"a işəgötürənlərdən çoxlu sayda müraciətlər daxil olur. Onlar bizə zəng edilər, məsləhətləşirlər. Mən deyərdim ki, həm işçilər, həm də işəgötürənlər bu prosesdə eyni şəkildə maraqlıdırlar. Biz istənilən vaxtda düzgün məsləhət verməyə, bütün maraqlananları qanunun tələbləri haqqında məlumatlandırmağa hazırıq. Bizim 940 saylı "qaynar xətt"imiz fəaliyyət göstərir. Ora çoxsaylı sual və təkliflər daxil olur. Müqavilələrə gəldikdə, indiyədək "Atəşgah Həyat" işəgötürənlərlə 1,5 mindən çox müqavilə bağlayıb. Və bu göstərici ikinci rübdə də artacaq. Hesab edirəm ki, qanunun uğurlu icrası müsbət tendensiyaya səbəb olacaq və gələcəkdə sığorta xidmətlərindən istifadə edənlərin sayı artacaq.

- "Atəşgah Həyat"ın konkret hallarla bağlı ödənişləri olubmu?

- "Atəşgah Həyat"a artıq istehsalatda bədbəxt hadisələr və əmək qabiliyyətinin itirilməsi faktları ilə bağlı müraciətlər daxil olub. Bu, istehsalın metallurgiya, maşınqayırma sahələrində baş verən ölüm halları və əlillik faktı ilə bağlı olan sığorta hallarıdır. Hazırda ödənişlərin edilməsi üçün lazımi sənədlərin hazırlanması aparılır. Sənədləşmə ilə bağlı iş başa çatan kimi, biz mütləq bu ödənişləri edəcəyik.

- Hazırda Azərbaycanın sığorta bazarında həyat sığortası üzrə üç şirkət fəaliyyət göstərir və yeniləri yaradılır. İşəgötürənlərə təklif olunan məhsulun bütün sığortaçılarda eyni olduğu nəzərə alınarsa, şirkət rəqabətə necə tab gətirəcək?

- Hesab edirəm ki, burada bütün suallara yalnız bir cavab var - peşəkarlıq və yüksək xidmətin göstərilməsi. Şirkət yalnız peşəkar əməkdaşlar ştatına malik olmaqla arzu edilən nəticəni əldə edə bilər. Burada müqavilənin bağlanmasından başlamış sığorta ödənişini həyata keçirənədək bütün prosesi yüksək səviyyədə, səliqəli və peşəkarcasına reallaşdırmaq vacibdir.

Şirkətin rəqabət qabiliyyətliliyi üçün digər, heç də az əhəmiyyət kəsb etməyən amil təkrar sığorta təminatıdır. Misal üçün, "Atəşgah Həyat" etibarlı və nüfuzlu təkrar sığorta təşkilatı "Hannover"lə müqaviləyə malikdir. Biz bu məsələyə böyük diqqət ayırırıq. İşəgötürənlər əmin ola bilərlər ki, "Atəşgah Həyat" şirkətinin sığorta hadisələrinin ödənilməsi üçün kifayət qədər maliyyə təminatı var.

- "Atəşgah Həyat" yeni qanun çərçivəsində 2011-ci ilin sonunadək özü üçün hansı məqsədləri müəyyən edib?

- Bu vaxtadək biz böyüklüyünə görə iri və orta müəssisələrlə müqavilələr imzalamışıq. Gələcəkdə isə kiçik müəssisələrlə də əməkdaşlıq etməyi planlaşdırırıq. İlin sonunadək "Atəşgah Həyat" 8 milyon manat həcmində sığorta mükafatları yığmağı planlaşdırır.

- İri sığorta şirkətinin rəhbəri kimi Siz işəgötürənlərə nə tövsiyə edərdiniz?

- İşəgötürənlərə yalnız bir şeyi tövsiyə edə bilərəm - istehsalat prosesi zamanı ölüm və ya bədbəxt hadisə faktları haqqında sığorta şirkətlərini vaxtında xəbərdar etsinlər və sığorta ödənişlərini tam vaxtında ödəsinlər. Əgər işəgötürənlər öz öhdəliklərini qanunun müəyyən etdiyi tələblərə uyğun yerinə yetrisələr, belə olan halda müsbət nəticə gözləmək olar. Əks halda isə sığorta şirkətləri sığorta ödənişlərindən imtina etmək üçün tam hüquqa malikdirlər. Bu bənd qanunda nəzərdə tutulub.

Bununla yanaşı, bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı şirkətlərdə yoxlamalar aparılır. Onlardan bəziləri barədə artıq cərimə sanksiyaları tətbiq edilib və ona görə də biz ölkənin bütün işəgötürənlərini bu məsələyə daha məsuliyyətli yanaşmağa çağırırıq.

Xəbər lenti

Xəbər lenti