...

Azərbaycanda hava şəraitinin pisləşməsi infrastrukturun işinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 14:02 (UTC +04:00)
Azərbaycanda hava şəraitinin pisləşməsi infrastrukturun işinə təsir etməyib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Marşrut avtobusları və metro ilə bağlı məlumat əlavə olunub (Birinci xəbər saat 11:52-də yayılıb)

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbirlər E.Əliyev, E.İsmayılov /

Hava şəraitinin pisləşməsinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması normal rejimdə həyata keçirilir. Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Ölkə ərazisində hava şəraitinin pisləşməsinə baxmayaraq, Azərbaycanda dəmir yolları normal rejimdə işləyir. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən deyilib.

"Bakıelektrikşəbəkə" SC-dən (Bakıda elektrik enerjisinin paylanması və satışı) Trend-ə bildirildiyinə görə, havaların soyuması ilə əlaqədar Bakıda abunəçilərin elektrik enerjisi ilə təminatında problem yoxdur. Zərurət yaranarsa, tədarükün həcmi artırılacaq. Hazırda SC gücləndirilmiş, gecə-gündüz iş rejiminə keçib, hər bir rayonda mexanizmlər və materiallar səfərbər olunub, eləcə də şəbəkələrdə mümkün nasazlıqların vaxtında aradan qaldırılması üçün qruplar təşkil olunub.

Ölkədə hava şəraitinin pisləşməsinə və qarın yağmasına baxmayaraq, bütün istiqamətlərdə avtobus reysləri nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilir. Bu barədə cümə axşamı Trend-ə Bakı Beynəlxalq Avtovağzalından xəbər verilib.

"Reyslərin həyata keçirilməsində problem yoxdur, sərnişinlər bütün istiqamətlərdə plan cədvəlinə uyğun hərəkət edirlər", - avtovağzaldan deyilib.

Cümə axşamı Bakı Metropolitenindən verilən məlumata görə, hava şəraitinin pisləşməsi ilə əlaqədar sərnişinlərin sayının artmasına baxmayaraq, metropoliten sərnişin axınının öhdəsindən gəlir. Hazırda Bakı metropolitenində sərnişinlərin gün ərzində sayı 500-dən 600 min nəfərədək təşkil edir.

"Sərnişinlərin sayının çox olması tədris ilinin başlamasından sonra normal haldır və ona görə də sərnişinlərin daşınmasında çətinlik yaranmır", - Bakı Metropolitenindən deyiblər.

Sinoptiklərin məlumatına görə, paytaxtda gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1-4 dərəcə isti, gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta təşkil edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti