...

Azərbaycan Mərkəzi Bankı bank sektorunda konsolidasiyanı stimullaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2011 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sektorunda konsolidasiya təşəbbüslərini stimullaşdırır. Bu barədə çərşənbə günü Trend-ə AMB-dən məlumat veriblər.

Məlumata əsasən, bu proses tərəflərin qarşılıqlı razılaşmasına əsaslanmalıdır.

"Bu, yeni bankın sağlam və sabit bünövrə ilə təmin edilməsi üçün vacib şərtdir", - AMB-dən deyiblər.

Hazırda AMB bank sisteminin konsolidasiyası və optimallaşdırılması üzrə strategiya hazırlayır.

Ölkənin bank sistemində artıq Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə bankların konsolidasiyasının uğurlu təcrübəsi var. İndiki "Unibank" 2002-ci ildə iki kommersiya bankı - "MBank" və "Promtexbank"ın birləşməsi nəticəsində yaranıb. Orada AYİB 15 faizlik iştirak payı alıb. Bunun ardınca 2005-ci ildə "Bank of Baku" ASC-nin "İlkBank"la birləşməsi baş verib.

Mərkəzi Bank hələ 2010-cu ildə bankların konsolidasiyası prosesinin aktivləşdiyini bəyan etmişdi, lakin bu tədbirlər 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinin əsasında da qoyulub.

Hazırda AMB-nin kapitallaşdırma üzrə minimal tələblərinə cavab verməyən banklar bazarda əhəmiyyətli paya malik olmasalar da, Mərkəzi Bank gündəliyə bankların birləşməsi məsələsi və ya gələcəkdə tələblərə cavab verməyən bankların sistemdən çıxarılması məsələsinə baxa bilər.

"Bank olmayan kredit təşkilatları haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar bu kateqoriyalı banklara mülkiyyət formasının bank olmayan kredit təşkilatına dəyişdirilməsi təklif oluna bilər. Ümumilikdə kapitalın böyüdülməsi məqsədilə konsolidasiyaya getməyən banklara BOKT-a çevrilmək təklif ediləcək", - bundan əvvəl Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Hazırda Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti