Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir E.İsmayılov /
"Azərbaycan Hava Yolları" QSC yanvarın 16-dan yeni aerovağzal kompleksinin tikintisi başa çatanadək sərnişinlərin yola salınması üçün tikilən müvəqqəti terminaldan daxili reyslərin yola salınmasına başlayıb. Bu barədə Trend-ə bazar ertəsi QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, bu terminal müvəqqətidir, 2013-cü ildə yeni kompleksin başa çatmasından sonra sərnişinlərin oradan yola salınması dayandırılacaq. Bu gün Azərbaycanda daxili reyslər Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran və Qəbələ aeroportlarından həyata keçirilir.
Bir az öncə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasovun Trend-ə bildirdiyi kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində yeni təyyarə vağzalı kompleksinin tikintisi 2013-cü ilin ortalarında başa çatacaq.
Yeni hava limanı 3 milyon sərnişinə xidmət edəcək. Kompleksin ümumi sahəsi 58 min kvadratmetr olacaq. Kompleksin dördmərtəbəli binası üçbucaq formasında tikiləcək. Binada 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq.
Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq olunacaq. Yeni aerovağzalda sərnişinlərə xidmək ən yüksək beynəlxalq standartlara cavab verəcək.
Ən mükəmməl avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinin təmin olunmasına tam şərait yaradacaq. Yeni kompleks eyni vaxtda səkkiz təyyarə qəbul edə biləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 4 min metr, eni 75 metr olacaq.