...

Mərkəzi Bank: Neftin yüksək qiymətləri Azərbaycanın xarici iqtisadi mövqeyinə müsbət təsir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) öz pul siyasətini qlobal iqtisadiyyatda kövrək artım, avrozonada dövlət borcu probleminin nisbətən səngidiyi, dünya maliyyə və əmtəə bazarlarında volatilliyin qaldığı şəraitdə həyata keçirib. Trend-in məlumatına görə, bu barədə AMB-nin cümə günü dərc olunmuş cari ilin birinci rübü üzrə hesabatında deyilir.

"Dünya bazarlarında neftin yüksək qiyməti fonunda ölkənin xarici iqtisadi mövqeyi əlverişli olub. Strateji valyuta ehtiyatlarının böyüməkdə davam etməsi ölkənin iqtisadi dayanıqlığını daha da yüksəldib. Ölkə iqtisadiyyatında qeyri-neft sektorundan qaynaqlanan artım dinamikası davam edib", - hesabatda qeyd olunur.

Cari ilin I rübündə Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirib. "Mərkəzi Bank öz fəaliyyətini pul və maliyyə sabitliyi siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq inflyasiyanın optimal səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmləndirilməsi kimi hədəflərin realizasiyasına yönəldib", - hesabatda deyilir.

"Hesabat dövründə qlobal əmtəə qiymətlərinin artımını və daxili tələbin genişlənməsini nəzərə alaraq, Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasəti həyata keçirib. Nəticədə inflyasiya təkrəqəmli səviyyədə qorunub, makro-maliyyə sabitliyinin mühüm amili olan manatın mübadilə məzənnəsi sabit qalıb", - hesabatda bildirilir.

Birinci rübdə orta illik inflyasiya 3,1 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən (5,6 faiz) istehlak qiymətləri indeksinin artım tempinin ciddi şəkildə azalmasından xəbər verir. Bununla yanaşı, ərzaq məhsullarının qiymətlərinin orta illik artımı 13,4 faizə qarşı 3,9 faiz təşkil edib.

Birinci rübdə manatın dollara nisbətdə məzənnəsi 0,04 faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti