...

"Azərsu" Şəkinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 14:02 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının növbəti mərhələsi üzrə tender elan etmişdir.
"Azərsu" Şəkinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edib

Azərbaycan, Bakı, 10 may /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının növbəti mərhələsi üzrə tender elan etmişdir.

ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycan hökumətinin Almaniyanın KfW Bankı və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi layihənin bu mərhələsində işlər 75 min nəfər əhalisi olan Şəki şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihəyə uyğun olaraq Şəki şəhərində hər birinin tutumu 3000 kubmetr olan 3 ədəd yeni su anbarı tikiləcək, 1000 kubmetr tutumu olan mövcud su anbarı isə yenidən qurulacaq. Bununla paralel olaraq içməli suyun götürüləcəyi Kiş çayından Qurcana zonasına qədər 7 km uzunluqda magistral xətt inşa ediləcək, anbarlararası su xətləri çəkiləcək. Layihə çərçivəsində 4 su anbarının hər birində siyirtmələr tikilərək zəruri avadanlıq və elektrik xətti ilə təmin ediləcək. Hər bir su anbarından "Şəki Sukanal" TSC-nin inzibati binasına məlumatların ötürülməsi sisteminin qurulması üçün zəruri işlər görüləcək.

Tenderin şərtlərinə əsasən, tikinti işləri Avropa standartları əsasında həyata keçirilməlidir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini ingilis dilində təqdim etməli, müsabiqədə iştirak üçün 100 manat və ya 125 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini iyun ayının 21-dək "Azərsu" ASC-yə təqdim edə bilərlər.

Qeyd edək ki, layihənin ilkin mərhələsində Şəki şəhərində su təchizatı sistemlərinin bir hissəsi (Kiş sugötürücü qurğular sahəsi, uzunluğu 2,8 km olan magistral boru xəttinin inşası və xlorator qurğusu da daxil olmaqla həcmi 2000 kubmetr olan mövcud su anbarının bərpası) yenidən qurulmuşdur.

Xəbər lenti

Xəbər lenti