Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/
2012-ci ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,5 faiz artıb, sərnişindaşıma tarifləri isə 0,4 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məluamtda deyilir.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 4,6 faiz ucuzlaşıb, idxal üzrə 3,9 faiz, yerli əlaqə üzrə 1 faiz, tranzit yüklərin daşınması üzrə isə 0,3 faiz bahalaşıb.
Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 13,4 faiz ucuzlaşma müşahidə olunub.
Bununla yanaşı, apreldə hava nəqliyyatında 1 ton yükün MDB ölkələrinə daşınma tarifi 0,1 faiz, sərnişindaşıma tarifləri 13,3 faiz bahalaşıb, digər xarici ölkələrə isə sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
Qeyd edilən dövrdə dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,4 faiz artıb.
Apreldə boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri mart ayına nisbətən 7,2 faiz artıb.