Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ə.Həsənov/
Çərşənbə axşamı Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan bankı "Unibank" kiçik və orta biznesin inkişafına dəstək göstərilməsi məqsədilə 5 milyon manat həcmində kredit xəttinin açılması haqqında sazişi imzalayıblar.
"Biz kiçik və orta biznesin inkişafına dəstək göstərilməsi sahəsində "Unibank" ilə əməkdaşlığa çox şadıq", - Trend-in məlumatına görə, bunu QDTİB-in vitse-prezidenti Mustafa Boran imzalanma mərasimində bildirib.
Bu, kiçik və orta biznesin inkişafı üçün QDTİB tərəfindən "Unibank"a ayrılan artıq ikinci kredit xəttidir. İlk kredit 2008-ci ildə 5 milyon manat həcmində ayrılıb. QDTİB, həmçinin 2005-ci ildə "Unibank"a ticarət maliyyələşdirməsi məqsədilə 3 milyon dollar kredit verib.
"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi bankımızın əsas fəaliyyət istiqamətlərindən biridir və cari saziş bu sahədə iş yerlərinin açılmasına töhfə verəcək", - "Unibank" ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov qeyd edib.