...

Azərbaycan və İran arasında yeni gəmi reysi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2012 09:57 (UTC +04:00)
İranın Xəzərin sahilində yerləşən Gilan əyalətinin Astara limanı və Azərbaycanın Bakı limanı arasında sərnişindaşıma məqsədilə gəmi reysi açılacaq.
Azərbaycan və İran arasında yeni gəmi reysi açılacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın Xəzərin sahilində yerləşən Gilan əyalətinin Astara limanı və Azərbaycanın Bakı limanı arasında sərnişindaşıma məqsədilə gəmi reysi açılacaq. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pak Ayin Bakıda keçirilən Beynəlxalq İnşaat Sərgisində İran şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmmməd Ayətullahi bildirib.

Ayətullahinin sözlərinə görə, Pak Ayin deyib ki, Qəzvin-Rəşt-Astara dəmiryolunun istifadəyə verilməsi və Astara (İran)-Bakı-Astara (İran) sərnişindaşıma reysinin açılması ilə iki ölkə arasında ticarət əlaqələri bir neçə dəfə artacaq.

Pak Ayin deyib ki, Beynəlxalq İnşaat Sərgisi çərçivəsində İran və Azərbaycan şirkətləri arasında əlaqələrin inkişafı üçün müzakirələr aparılıb: "Ümid edirik ki, bu müzakirələrin nəticəsi olaraq sazişlər də imzalanacaq".

Bundan əvvəl də Azərbaycan və İran limanları - Bakı və Ənzəli limanları arasında tammiqyaslı sərnişindaşıma ilə bağlı iki ölkə danışıqlar aparıb.

Bakı və Ənzəli limanları arasında sərnişin xətti uzun illər fəaliyyət göstərib. 1998-ci ildən isə onun fəaliyyəti dayandırılıb. Onun bərpa edilməsi məsələsi İran və Azərbaycanın dövlət strukturları arasında razılaşdırılıb. İran tərəfi, həmçinin gələcəkdə Bakıdan İranın digər Xəzər limanları - Əmirabad və Nouşəhrə daşımaların həyata keçirilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti