...

Azərbaycanda heyvan yarmarkaları Qurban bayramı günlərində qiymətləri stabilləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 12:06 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti oktyabrın 25-26-da qeyd olunan Qurban bayramı zamanı mal-qaranın kəsildiyi və ət satışı məntəqələrini dezinfeksiya edib.
Azərbaycanda heyvan yarmarkaları Qurban bayramı günlərində qiymətləri stabilləşdirib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti oktyabrın 25-26-da qeyd olunan Qurban bayramı zamanı mal-qaranın kəsildiyi və ət satışı məntəqələrini dezinfeksiya edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

"Heyvanların kəsilməsi və ət satışı məntəqələri dezinfeksiya edilib. Dezinfeksiya işləri son sutkalar ərzində aparılıb", - o bildirib.

Xanvəlinin sözlərinə görə, baytar nəzarəti Bakı və onun qəsəbələrindəki 57 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 27-də baytar-sanitar ekspertizasının stasionar laboratoriyaları, yerdə qalanlarında isə səyyat laboratoriyalar fəaliyyət göstərir.

Bayramla əlaqədar DBX gücləndirilmiş rejimdə çalışıb. Bakıya gələn əsas yollarda paytaxta gətirilən mal-qaranın yoxlanılması üçün postlar fəaliyyət göstərib.

Xanvəlinni sözlərinə görə, xəstə mal-qara və ya xəstə heyvan ətlərinin satışı ilə bağlı faktlar aşkarlanmayıb.

"30-40 başa yaxın heyvan DBX-nin müvafiq tələblərinə cavab verməyən sənədlərlə paytaxta daxil olub. Götürülən qan nümunələrinin analizinin yoxlanmasından sonra müvafiq sənədlər verilib. Ümumilikdə isə ciddi pozuntular qeydə alınmayıb", - o, bildirib.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, paytaxtın İcra Hakimiyyəti və sahibkarlarla birlikdə Bakıda və onun qəsəbələrində 23 nöqtədə bayram günlərində qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların satışını təşkil edib.

"Bayram günlərində satışa çıxarılan 10 min başdan artıq qoyun şatılıb. Heyvanların çəkisi 15-17 kiloqram arasında tərəddüd edib. Hər bir heyvanın qiyməti 100 manat təşkil edib. Bu bazar qiymətlərindən 20-30 faiz aşağıdır və əhali tərəfindən razılıqla qarşılanıb", - bazar ertəsi Trend-ə İİN-in İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, bu tədbirlər qoyun ətinin və bazarda ətin qiymətlərinin sabitliyini saxlamağa təsir edib və əhalinin tələbatının ödənilməsində mühüm rol oynayıb.

Bayram günlərində diri heyvana və ətə artan tələbatı nəzərə alaraq İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti respublika bazarlarında və satış məntəqələrində monitorinqləri gücləndirib.

Əliyevin sözlərinə görə, monitorinqlərin aparılmasında əsas səbəb qiymətlərin süni şəkildə artırılması faktlarının qarşısının alınması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti