...

Bakı və ətraf qəsəbələrin sahibkarlarına 3 il ərzində 150 milyon dollaradək güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 15:23 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirib.
Bakı və ətraf qəsəbələrin sahibkarlarına 3 il ərzində 150 milyon dollaradək güzəştli kredit verilib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi SKMF vəsaitləri hesabına maliyyələşdirilmiş Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində illik istehsal gücü 14,4 min ton olan çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Fond tərəfindən Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan müasir ət kəsimi müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 117,3 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3800-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 23 sahibkarlıq subyektinə 1,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti