...

"Kapital Bank"ın İdarə Heyətinə yeni sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 17:34 (UTC +04:00)
Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Toplantıda Kapital Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib.
"Kapital Bank"ın İdarə Heyətinə yeni sədr təyin edilib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Toplantıda Kapital Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Bu barədə bazar ertəsi bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda bildirilir ki, "Paşa Holdinq" MMC-nin direktoru Mir Camal Paşayev Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Araz Ağayev, Afaq Mustafayeva və Emin Bağırov Şuranın üzvləri seçillib.

İclasda Kapital Bankın Audit Komitəsi də yenidən formalaşdırılıb. Oqtay Həsənov Audit Komitəsinin sədri, Murad Əhmədov və Pərvin Salmanova isə komitənin üzvləri seçilib.

Bununla yanaşı, Kapital Bankın rəsmi auditoru olan Ernst "& Young" şirkəti tərəfindən təqdim edilmiş 2012-ci il üzrə illik hesabat da təsdiqlənib.

Yığıncaqda "Kapital Bank" ASC-nin nizamnamə kapitalının artırılması məsələsinə də baxılıb. Bankın nizamnamə kapitalının məbləğinin 50 milyon manatdan 80 milyon manata qaldırılması barədə qərar qəbul edilib.

Eyni zamanda, Müşahidə Şurasının Mir Camal Paşayevin rəhbərliyi ilə keçirilən ilk iclasında bankın İdarə Heyətinin tərkibində də dəyişikliklər aparılıb. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rövşən Şamil oğlu Allahverdiyev seçilib.

R.Allahverdiyev bu vəzifəyə qədər "Paşa Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Kapital Bankda İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi də təsis edilib. Bu vəzifəyə Fərid Məmmədov, İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə Yaşar Məmmədov və Murad Şirəliyev, İdarə Heyətinin üzvü vəzifəsinə isə bankın baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva seçilib.

İclasda Kapital Bankın İdarə Heyətinin sabiq sədri Elmar Məmmədovun ötən dörd il ərzindəki fəaliyyəti də qiymətləndirilib, məqsədyönlü işinə görə ona təşəkkür bildirilib. Xüsusilə, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin Kapital Bank tərəfindən uğurla icrası təqdir olunub və Elmar Məmmədova gələcək işlərində nailiyyətlər arzulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti