...

Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı ikitərəfli danışıqlar siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

Ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqlar çərçivəsində Argentina Azərbaycanla ikitərəfli danışıqlara başlamaq istəyini bildirib. Trend-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Xəzər-Avropa iİnteqrasiya İşçi Klubuna (CEIBC) üzv şirkətlərlə görüş zamanı bildirib.

"Hələlik bununla bağlı Argentinadan Azərbaycan hökumətinə rəsmi müraciət daxil olmayıb, lakin bu ölkə danışıqlara başlamaq istəyini bildirib".

Onun sözlərinə görə, bu, bir tərəfdən Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində danışıqlar apardığı ölkələrin siyahısının genişləndirilməsinə əlavə çətinliklə yaradır, digər tərəfdən isə Argentina kimi ölkənin Azərbaycana əsasən kənd təsərrüfatı olmaqla öz məhsulları üçün bazar kimi baxması və iqtisadi əməkdaşlığı genişləndirməyi istəməsi sevindirici haldır".

Məmmədquliyevin sözlərinə görə, ikitərəfli və çoxtərəfli danışıqların növbəti raundu, eləcə də Azərbaycanın ÜTT-yə daxil olmaq üzrə İşçi qrupun iclasının oktyabrın sonları - noyabrın əvvəlində keçirilməsi planlaşdırılır: "Lakin hələlik konkret vaxt dəqiqləşdirilməyib. Azərbaycan tərəfi ötən işçi görüşündən sonra bizə yönəldilən suallara cavabları, o cümlədən kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlarla bağlı cədvəlləri göndərib. Bütün sənədlər artıq ÜTT Katibliyindədir".

Bu məsələ ilə bağlı sonuncu danışıqlar 2013-cü il iyunun əvvəlində Cenevrədə baş tutub.

Hazırda Azərbaycan ÜTT-yə daxil olmaqla bağlı ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Tayvan (Çinin əyaləti), Kanada, İsveçrə və Hondurasla ikitərəfli danışıqlar aparır.

Azərbaycan 2004-cü ildən danışıqlara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti