Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi olub.
H.Əsədov görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə mövcud əlaqələrdən danışıb, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin, İsrail təcrübəsinin Azərbaycanın kənd təsərrüfatında tətbiqinin vacibliyini qeyd edib.
Nazir Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Saziş"in imzalanmasının hər iki tərəfdən sürətləndirilməsini, İsrailin yüksək səviyyəli təcrübəsindən faydalanmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin İsrailə, yaxud da İsrailin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin mütəxəsislərinin ölkəmizə ezam olunmasını, İsrail iş adamları ilə görüşlərin keçirilməsini, kənd təsərrüfatı kooperativlərinin yaradılmasında İsrail təcrübəsindən yararlanmağın vacibliyini, suya qənaət edən texnologiyalar sahəsində - damcı üsülü ilə suvarma texnologiyaları, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının süd məhsuldarlığının artırılması məqsədilə İsraillə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsini, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Süni Mayalama Mərkəzinin İsrailin müvafiq qurumu ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif edib və İsrail iş adamlarını Azərbaycana dəvət edib.
Səfir Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın tolerant və dünyəvi ölkə olduğunu yüksək qiymətləndirib.
R.Harpaz İsrailin özəl sektoru ilə əməkdaşlığa geniş imkanların olduğunu qeyd edərək, Azərbaycan və İsrail iş adamları arasında biznes görüşlərinin təşkilinin vacibliyini bildirib.
Səfir hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.