...

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8,2 faizini təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 15:20 (UTC +04:00)
2014-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 753,2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Azərbaycanın xarici dövlət borcu ÜDM-in 8,2 faizini təşkil edir

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 753,2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.

Bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14,1 faiz, Gürcüstanda 32,9 faiz, Macarıstanda 79,8 faiz, Slovakiyada 34,3 faiz, Çexiyada 40,2 faiz olub.

Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, kredit vəsaitlərinin 8,1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48,3%-i isə 20 ildən artıq müddətə cəlb olunub.

1 yanvar 2014-cü ilə olan vəziyyətə görə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 11,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə - 47,1 faiz, avro - 28,8 faiz, yapon yeni - 9,5 faiz, digər valyutalar üzrə isə 2,9 faiz, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.

Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar üzrə proqramların dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti