Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/
2013-cü ildə Azərbaycan dövlət büdcəsinin icrası göstərir ki, ölkədə möhkəm maliyyə bazası yaradılıb. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin plenar iclasında "2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, yerli iqtisadiyyatın inkişafı ilə yanaşı, ölkənin maliyyə bazası da möhkəmlənib ki, bu da valyuta ehtiyatları kimi göstəricilərdə öz əksini tapıb: "2013-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi" komitə tərəfindən ətraflı nəzərdən keçirilib. Ümumilikdə, Maliyyə Nazirliyi və Hesablama Palatası layihəni hazırlayarkən böyük həcmdə iş görüblər, eləcə də ölkədə və dünyada baş vermiş iqtisadi prosesləri ətraflı təhlil ediblər".
Z. Səmədzadə son 10 ildə ölkənin qazandığı iqtisadi uğurları da xatırladıb: "Dövlət büdcəsini xarakterizə edən bütün əsas göstəricilərdə müsbət dinamika müşahidə olunur və əlbəttə ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. 2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 73 milyard dolları ötüb, halbuki 2008-ci ildə bu göstərici cəmi 48,8 milyard dollar olub. Ötən il dövlət büdcəsinin gəlirləri ilk dəfə olaraq, 25 milyard dolları ötüb".