Avropa İttifaqının ən mötəbər qurumlarından olan, Almaniyanın tanınmış VDZ Elmi Tədqiqat İnstitutu tərəfindən "Norm Sement" zavodunun məhsullarına Avropa uyğunluq sertifikatı və ya CE sertifikatı verilib.
Norm şirkəti ilə VDZ arasında imzalanmış razılığa əsasən, VDZ-nin mütəxəssisləri "Norm Sement" zavoduna səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Bununla yanaşı, zavodda istehsal olunan sement, habelə xammal və qatqı nümunələri İnstitutun Düsseldorf şəhərindəki laboratoriyasında mütəmadi analiz edilir.
Nəticə etibarilə Norm Sement zavodunda istehsal edilən məhsullara DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatı təqdim olunub. CE sertifikatı və ya Avropa uyğunluq sertifikatı Avropa İttifaqının tələb və normativlərinə uyğun istehsal edilmiş məhsula verilən sənəddir. CE nişanı məhsulun Avropa standartlarının tələblərinə cavab verdiyini təsdiq edir. Avropa məkanında bu sertifikat faktiki olaraq məhsulun pasportu olub, eyni zamanda, insan sağlamlığı və ətraf mühit üçün təhlükəsizliyinin qarantıdır. CE uyğunluq nişanı məhsulun Avropa İttifaqının müvafiq normativlərinin tələblərinə cavab verdiyini təsdiq edən vahid və yeganə nişandır.
"Norm Sement" zavodunda sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Bu məqsədlə müasir standartlara cavab verən sement və beton laboratoriyaları yaradılıb və dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilib. Laboratoriyada proseslər avtomatlaşdırılıb və insan müdaxiləsi minimuma endirilib.
Hazırda zavodda üç çeşiddə - CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R və CEM II/A-P 42,5 R - sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq "Klass A", "Klass B" və "Klass C500" adı ilə satışa çıxarılıb. "Klass A" orta möhkəmlikli beton konstruksiyalarda, "Klass B" əsas etibarilə hörgü və suvaq işlərində, "Klass C500" isə yüksək müqavimətə malik beton konstruksiyalarında tətbiq edilir.
Dayanıqlıq, temperatur dəyişikliyinə yüksək müqavimət, asan istifadə kimi səciyyəvi xüsusiyyətləri ilə fərqlənən "Norm" sementinin bazarda xüsusi çəkisi artmaqda davam edir. Keyfiyyətli və Avropa standartlarına uyğun istehsal olunan bu məhsullara Azərbaycanın bütün bölgələrində tələbat artır.
Qeyd etmək lazımdır ki, "Norm Sement" zavodunun istehsal xəttində Almaniya, Avstriya, Fransa, İsveçrə, Hollandiya və Avropanın digər tanınmış şirkətlərinin avadanlıqları quraşdırılıb. Müasir texnologiyaların tətbiqi istismarın səmərəliliyini, məhsulun yüksək keyfiyyətini artırmaqla yanaşı, Avropanın ən sərt ekoloji standartlarına riayət olunmasına imkan yaradır.