Filippin, Manila, 30 sentyabr /Trend, müxbir Emin Əliyev/
Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao bu il noyabrın əvvəlində Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə bir sıra istiqamətlər üzrə səmərəli danışıqlar aparacağını gözləyir. Trend xəbər verir ki, bu barədə T.Nakao Manilada jurnalistlərlə görüşündə bildirib.
O, qeyd edib: "Mən Azərbaycana noyabrın 4-də səfər etmək niyyətindəyəm. Səfərimdə məqsəd Bakıda bankın Rəhbərlər Şurasının illik toplantısına [2015-ci il mayın 2-5-də] hazırlığın gedişi ilə tanış olmaqdır. Bundan əlavə, Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək və əməkdaşlığın perspektivləri müzakirə olunacaq".
T.Nakao xatırladıb ki, bu həftənin əvvəli bank Azərbaycanla əməkdaşlığa dair yeni strategiyanı təsdiqləyib.
AİB prezidentinin qeyd etdiyi kimi, adambaşına düşən ÜDM-in kifayət qədər yüksək göstəricisi ilə nisbətən zəngin ölkə olan Azərbaycan mütəmadi olaraq infrastruktur layihələrinə, xüsusilə də yolların tikintisi, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində maliyyələşdirmənin cəlb olunmasına ehtiyac hiss edir: "Mənim qarşıdakı səfərdən çox böyük gözləntilərim var. Axı sizin ölkəniz Şərqlə Qərbin qədim mədəniyyətlərinin kəsişməsində yerləşir".
Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, T.Nakao səfəri zamanı maliyyə naziri Samir Şərifovla görüşəcək.
O.Noroyono əlavə edib ki, AİB prezidentinin daha yüksək səviyyədə görüşlər keçirəcəyi istisna olunmur.
Qeyd edək ki, AİB 1966-cı ildə təsis olunub və 67 üzvü var. Bankın mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-dən bankın üzvüdür, ölkənin bankın kapitalında iştirak payı 0,5 faiz təşkil edir.