...

Nazir müavini: Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar investisiya yatırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 15:00 (UTC +04:00)
Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox yüksək səviyyədədir və birgə forum, görüş və danışıqların keçirilməsi bu əməkdaşlığı möhkəmləndirir.
Nazir müavini: Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar investisiya yatırıb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox yüksək səviyyədədir və birgə forum, görüş və danışıqların keçirilməsi bu əməkdaşlığı möhkəmləndirir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

Onun sözlərinə görə, bu, 2014-cu ildə artıq onuncu belə tədbirdir: "Hazırda iki ölkə arasında 170-dən artıq ikitərəfli saziş imzalanıb, bunların 45-dən çoxu iqtisadi əməkdaşlığa aiddir, sentyabrda investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında imzalanmış saziş iqtisadi əlaqələrin nə qədər yüksək və möhkəm olduğunu göstərir".

S.Babayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artaraq 2,6 milyard dollar təşkil edib, qeyri-neft ixracının 32%-i Rusiyanın payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və ölkəmiz Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır".

Nazir müavini bildirib ki, ölkədə Rusiya kapitalı ilə təqribən 570 şirkət fəaliyyət göstərir: "Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 milyard dollar təşkil edib. Ümumilikdə Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar investisiya yatırıb".

O, əlavə edib ki, forumda təqribən 60 Azərbaycan və 15 Rusiya şirkəti təmsil olunub: "Biz əminik ki, bu biznes forum ölkələr arasında əlaqələrin gələcəkdə genişləndirilməsinə təkan verəcək".

Rusiya nümayəndə heyətinə Sankt-Peterburqun vitse-qubernatoru Vladimir Lavlentsev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti