...

Rusiya Azərbaycandan ət və süd məhsulları almaq istəyir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2014 17:15 (UTC +04:00)
Azərbaycandan Rusiyaya ət və süd məhsullarının ixracının artması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil.
Rusiya Azərbaycandan ət və süd məhsulları almaq istəyir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:15-də yayılıb)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycandan Rusiyaya ət və süd məhsullarının ixracının artması haqqında yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə bu gün Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

O, qeyd edib ki, bu gün Azərbaycan Rusiyaya ət və süd məhsulları ixrac etmir: "İndiki anda ölkəyə Gömrük İttifaqına üzv olan ölkələrin (Rusiya, Belarus və Qazaxıstan) auditor komissiyası gəlib. Bu komissiya ət və süd müəssisələrində və quşçuluq təsərrüfatlarında məhsulların keyfiyyətinin ixrac normalarına uyğunluğu ilə bağlı yoxlama aparıb".

Y.Xanvəlinin sözlərinə görə, audit bu gün başa çatacaq: "Auditin yekunları üzrə qərar qəbul ediləcək. Əgər yoxlamanın nəticələri Gömrük İttifaqı ölkələrində qüvvədə olan baytarlıq və fitosanitar tələblərinə uyğun gələrsə, onda müəssisələrlə müqavilələr imzalanacaq və onlar öz məhsullarını ixrac etməyə başlayacaqlar. Bu məsələ yaxın vaxtlarda həll edilməlidir".

Qeyd edək ki, bir az əvvəl Rusiya mətbuatında Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən belə bir məlumat yayılmışdı ki, son 4 ay ərzində Azərbaycan, Belarus və Qazaxıstandan Moskvaya ət və süd məhsullarının ixracı ikiqat artıb. Ümumilikdə satışa çıxarılan malların çeşidi demək olar ki, azalmayıb.

A.Nemeryukun sözlərinə görə, çeşidlərin təhlili, əsasən, istehlak səbətinə daxil olan 40 əsas ərzaq üzrə aparılıb: "Moskvanın xidmət şəbəkələri Rusiyaya gətirilməsinə qadağa qoyulan məhsulların əvəz edilməsinin öhdəsindən pis gəlməyib. Haradasa biz də onlara kömək etdik. Biz bir neçə dəfə Belarusa səfər etdik. Ət və süd məhsullarının dövriyyəsi son dörd ay ərzində demək olar ki, iki dəfə artıb. Azərbaycan və Qazaxıstandan olan digər həmkarlarımızla da vəziyyət eynidir".

O, əlavə edib ki, şirkətlərin təhlilinə əsasən, çeşidlər demək olar ki, azalmayıb: "Bir mövqe azalıb, üçü isə artıb. Beş, yaxud altı faiz düşüb, ola bilsin ki, on faiz artıb. Onların başqa həcmdə olması ayrı məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti